Böhran dərinləşir, ölkə iflic olub

Gürcüstanda hakimiyyətin iki seçimi qalır
 
Ya Saakaşvilini həbsdə saxlayıb tərəfdarlarını zərərsizləşdirəcək, ya da onu ölkədən çıxmaq şərti ilə azadlığa buraxacaq
 
Dünən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilib. O, məhkəmə zalından əhaliyə müraciət edib. Saakaşvili çıxışında saxlanıldığı ana qədər əhali ilə ünsiyyətdə olduğunu və insanların çox ağır vəziyyətdə olduğunu bildirib: “Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? Yenilik və yenidən qurulma üçün darıxmamısınızmı? Sevgi üçün darıxmamısınızmı? Qələbəni qeyd etmək üçün darıxmamısınızmı? Əgər bütün bunlar üçün darıxmısınızsa, o zaman indi baş verənləri birlikdə bitirməliyik. 
 
İlk növbədə hazırda çöldə duran insanları salamlamaq, Gürcüstan cəmiyyətini salamlamaq istəyirəm və sizlərə sual vermək istəyirəm. Mən bir neçə gün Gürcüstanda sərbəst gəzdim, əsir götürülməmişdən əvvəl insanlarla ünsiyyətdə olmaq imkanım oldu və gördüm ki, insanlar çox əsəbidirlər, insanlar ümidsizdirlər, insanlar praktiki olaraq gülümsəmirlər, insanlar çox bədbəxtdirlər və mən sizdən, əziz gürcü xalqımdan soruşmaq istəyirəm - Vətənimizin qürur hissi üçün darıxmamısınızmı? İnkişaf tempi üçün darıxmamısınızmı? İndi baş verənləri birlikdə bitirməliyik. Mən Ukraynada mühüm vəzifə tuturdum, üstəlik, ən azı iki dəfə Ukraynada baş nazirlik təklifini rədd etmişəm. Mən heç vaxt Ukraynada olduğum qədər yaxşı vəziyyətdə olmamışam, evim, həyətim, yüksək maaşım, hörmətim var idi, mən bütün dünyada mühazirələr oxuyuram, məsələn, Meksikada Vergi Məcəlləsi ilə bağlı mühazirə oxuyurdum, lakin mən hər şeyi bir kənara qoydum, müvəqqəti imtina etdim və Gürcüstana gəldim, orada dəqiq bilirdim ki, mən yolda öldürülə bilərdim və ya çatanda öldürülə bilərdim, həmçinin çıxılmaz vəziyyətə düşə bilərdim. Lakin mən 17 ildən çox vaxt keçirdiyim Ukraynanı həqiqətən sevirəm, amma Gürcüstanı dəli kimi sevirəm".
 
Qeyd edək ki, Tbilisidə eks prezident Mixeil Saakaşviliyə dəstək məqsədi ilə etiraz aksiyası keçirilib. Aksiyada Marneulidən olan bir nəfər müxalifət tərəfdarı saxlanılıb. Bu barədə 24News.ge xəbər portalına saxlanılan şəxsin qardaşı, "Vahid Milli Hərəkat"ın üzvü Ceyhun Qarayev məlumat verib. Onun sözlərinə görə, Eltun Qarayev Tbilisi Şəhər Məhkəməsi yaxınlığında keçirilən aksiya zamanı polisə itaətsizlik ittihamı ilə saxlanılıb və Varketili Polis Bölməsinə aparılıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Tbilisi Şəhər Məhkəməsi yaxınlığında İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə 15 nəfərin saxlanıldığını bildirir. Xatırladaq ki, aksiya zamanı müxalifət lideri Gigi Uqulava da saxlanılıb. Mixeil Saakaşvili məhkəmənin həyətində tərəfdarları tərəfindən qarşılanıb və "Mişa, Mişa" şuarları ilə yola salınıb. Qeyd edək ki, məhkəmədən sonra sabiq prezident Qori Hərbi Hospitalına aparılıb.
 
Gürcüstanda yaşanan son prosesləri siyasi-şərhçi Turab Rzayev “Şərq”ə analiz edib. Analitik hesab edir ki, Gürcüstanda hakimiyyət əsas hədəfə nail olub: 
 
“Onlar üçün əsas məsələ ikinci dərəcəli hədəflərdir. İkinci hədəf odur idi ki, seçkidə qələbəsini təmin etsinlər. Buna görə də Saakaşvilini həbsdə saxladılar və iğtişaşlar və s. məsələlərlə bağlı hakimiyyətdə ciddi mübarizə yarada bilmədilər. Hakimiyyət seçkidə qələbəsini təmin etdi. Həm  Qərb ölkələri, həm ATƏT-in müşahidə missiyası, həm də ki, bəzi müxalifət liderlərinə bunu təsdiqlədə bildi. Bundan sonra Saakaşvilinin mübarizə aparması daha çətin olacaq. Ancaq hakimiyyət yenə də küçə yürüşlərindən, Saakaşvili tərəfdarlarının yürüş keçirməsindən narahatdır. Buna görə də düşünürəm ki, hakimiyyət indi seçim qarşısındadır. O ya Saakaşvilini həbsdə saxlayıb onun tərəfdarlarının daha çox konseltasiyasına, eyni vaxtda Qərbdə təzyiqlərin artırılmasına nail olacaq, ya da ortaq bir nöqtə tapacaq. Ortaq yol nə ola bilər? Saakaşvilini ölkədən çıxarmaq şərtilə həbsdən azad edilməsi və Ukraynaya ekstradisiya olunmasıdır. Saakaşvilinin Ukrayna vətəndaşlığı da var. Hesab edirəm ki, burada həlledici iki məqam olacaq. Bunlardan birincisi, Qərbin təzyiqləridir, hansısa şəkildə güclü təzyiqlə Gürcüstan Saakaşvilini sərbəst buraxmağa vadar edəcəksə, bu halda düşünürəm ki, hakimiyyət Saakaşvilini azad etməyə məcbur olacaq. Çünki Gürcüstan maddi yardımlara görə Qərbdən çox asılıdır. Bundan əlavə, Qərbin Gürcüstan üzərində siyasi təzyiq mexanizmləri var”.
 
0
9474
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar