Azərbaycan Ermənistanı bölgədə normal, qonşularına qarşı adekvat və anlaqlı ölkə kimi aparmağa məcbur eləmək üçün diplomatik həmlələri davam etdirir.

Brüsseldə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 22 mayda reallaşan “üçlü” görüşün qayəsində ən əvvəl bu hədəf dayanırdı.

Yəni ya kapitulyant ölkə, nəhayət, öz əsas qonşuları ilə beynəlxalq hüquqa əsaslanan dinc-yanaşı yaşamaq və inkişaf eləmək yolu seçəcək, əməkdaşlıq və tərəfdaşlıq kursu götürəcək, ya da xarici güclərin əlində oyuncaq olmağa davam edib enində-sonunda dünyanın siyasi xəritəsindən silinəcək.

Özü də seçim üçün vaxt elə də çox qalmayıb. Məhz yaxın həftələrdə, hətta günlərdə aydın olacaq ki, rəsmi İrəvan, ümumən erməni cəmiyyəti səmimi şəkildə sülh istəyir, yoxsa üzdəniraq “miatsum” ideyasının, avantürist-revanşistlərin, erməni xalqına yeni və daha böyük fəlakət vəd edən “müharibə partiyası”nın əsiri olaraq qalır...

“Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub”.

Bu barədə İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib. Bu, Azərbaycan liderinin 5 saatlıq Brüssel görüşü ilə bağlı ilk açıqlaması sayılır.

Əlbəttə ki, qonşular arasında iqtisadi-ticari əlaqələr olmadan, yollar açılmadan, gediş-gəliş bərpa edilmədən normal siyasi-diplomatik münasibətlər qurula bilməz. Əfsus ki, bu yöndə ən böyük əngəl daşnaklar, Qarabağ klanı başda olmaqla, Ermənistandakı radikal qüvvələrdir. Həşirlərindən görünür ki, onlar Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında barışığın baş tutması üçün əllərindən gələni edəcəklər. Çünki bu destruktiv, Türkə patoloji nifrətlə nəfəs alan avantürist düşərgənin tək varlıq qarantı məhz Türk düşmənçiliyidir, faşizmdir. Bu nifrət yoxsa, onlar da kimsəyə gərək olmayacaq.

Doğrudur, qonşu ölkədə onların elektoratı azlıq təşkil edir. Son seçkilər (iyun, 2021) də bunu təsdiqlədi. Mötəbər rəy sorğuları isə göstərir ki, erkən seçkilər indi olarsa, onlar növbəti dəfə məğlub olacaqlar. Ancaq unutmaq olmaz ki, radikal düşərgə ciddi maliyyə resurslarına və terror təcrübəsinə malikdir, xaricdəki zəngin erməni lobbisinə sıx bağlıdır. Eyni zamanda bir sıra erməni KİV-ləri onun tərəfindən maliyyələşir. Üstəgəl də bu qüvvələr bölgədə daimi və ədalətli sülhdə maraqlı olmayan Rusiyaya bağlıdırlar.

Təsadüfi deyil ki, Ermənistandakı radikal kəsim budəfəki Brüssel anlaşmasının da kağız üzərində qalması üçün hərəkətə keçib. Erməni toplumunun ən “həssas yerinə” basaraq, onu “satqın Paşinyan”a qarşı birləşməyə çağırır. Halbuki gerçəkdə N.Paşinyan öz xalqını yeganə doğru yola çıxarmağa çalışır.

Bu xüsusda dünəndən İrəvanda radikal-revanşistlərin XİN binasını blokadaya alması və ardınca ora soxulması, müxalifət liderlərindən olan daşnak İşxan Saqatelyanın Brüssel anlaşmalarını hüquqi əsası olmayan sənəd, Nikol Paşinyanı qeyri-legitim rəhbər elan eləməsi özlüyündə az şey demir. Belə görünür ki, Rusiyaya bağlı müxalifət axırıncı “patronları”nı atmağa başlayıb.

“Brüsseldə ”5 fəlakətli saat" keçirildi, nəticəsi isə Ermənistanın daha bir məğlubiyyəti oldu".

Bu fikri Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan söyləyib.

“Görüşdən sonra yayılan bəyanatda ”Dağlıq Qarabağ"ın adı yoxdur. Azərbaycanın iddia etdiyi kimi, belə bir inzibati ərazi mövcud deyil", - o bildirib.

Onun sözlərinə görə, Rusiya bəyanatın mətnindən tamamilə çıxarılıb: “Əgər əvvəlki iki bəyanatda Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş bəyanatlara və razılaşmalara diqqət yetirilirdisə, indi bu haqda danışılmır. Artıq Minsk Qrupunun həmsədrliyindən də söz açılmır. Yekun bəyanatda Qarabağın statusu məsələsi, ümumiyyətlə, qaldırılmır, öz müqəddəratını təyinetmə hüququndan bəhs edilmir, əvəzində ”Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən" bəhs edilir. Bu sondur. Deyəsən, hər şey artıq bitib. Və bu, təhdidlərin yalnız görünən hissəsidir. Əgər indi də heç bir nəticə çıxarılmırsa, deməli, biz “müstəqil” Qarabağa və ya müstəqil Ermənistana layiq deyilik", - Karapetyan təlaş içində qeyd edib.

Erməni “türkoloq” Varujan Qalstyan isə hesab edir ki, Ermənistanın Tavuş və Ararat vilayətlərindəki Azərbaycan anklavları Bakının nəzarətinə keçəcək. Onun sözlərinə görə, Ermənistan “artsax”ın “statusu” uğrunda mübarizə aparmaqdan birdəfəlik imtina etdiyini təsdiqləyib: “Görüşdən sonra yayımlanan bəyanatda status haqqında heç bir söz yoxdur, yalnız ”Qarabağ regionunda etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" bildirilir. Ermənistanın “artsax” daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sülh müqaviləsi hazırlanır. Bu səbəbdən yalnız həmin müqavilə kontekstində Qarabağdakı ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi" məsələsi vurğulanır".

O, həmçinin tərəflərin “Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər” barədə razılığın əldə edilməsinin mahiyyətini açıqlayaraq deyib: “Bu qeyri-müəyyən ifadə faktiki olaraq Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi - red.) Bakıya təhvil verəcəyi anlamına gəlir. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolunu xatırlamaq yerinə düşər”.

Bu arada məlum olub ki, izolyasiya rejimində inildəyən və daxili didişmələrlə get-gedə daha da taqətdən düşən Ermənistanın dövlət borcu son 4 il də daha 2,58 milyard dollar və ya 37,6% artıb. Apreldə bu rəqəm 91,3 milyon dollar artaraq 9,45 milyard dollar təşkil edib. Elə təkcə bu ilin 4 ayında dövlət borcu 222 milyon dollar böyüyüb. Adambaşına düşən dövlət borcu indi təqribən 3200 dollar təşkil edir.

Aydındır ki, ölkədə sabitlik olmayınca, iqtisadi blokada aradan qalxmayınca nəinki xarici borc artmağa davam edəcək və Ermənistan əhalisi daha sürətlə yoxsullaşacaq, həmçinin ölkədən kütləvi köç güclənəcək. Azərbaycan və Türkiyə ilə əbədi düşmənçiliyi təbliğ edən radikalların ermənilərə vəd elədikləri “gözəl gələcək” də elə budur...

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovun son açıqlaması futbol ictimaiyyətində narahatlıq yaradıb.

O, rəhbəri olduğu klubun bir daha Region Liqasında çıxış etməyəcəyini bildirib.

Çempionatın gümüş medalını qazanan cənub təmsilçisinin sahibi sosial şəbəkə vasitəsilə AFFA-ya bir daha öz mövqeyini çatdırıb:

“Çünki biz bir sezona 620 min manat xərcləmişik. Bu pulu bir də bu liqaya xərcləməyə maraqlı deyilik.

Araşdırdım, "Mingəçevir"in I Diviziona gəlməyinə "Energetik" varislik edib, bizə də "Qobustan" varislik edir. Buraxın Diviziona, vəssalam!".

“Xan Lənkəran” ötən ilin yayında yaradılıb. Debütant ilk mövsümündə Region Liqasına rəng qatıb, iddialı olduğunu nümayiş etdirib.

Finala yüksələn klubun məqsədi növbəti mövsüm I Divizionda mübarizə aparmaqdır. AFFA bugünə kimi onlara mane olur.

Federasiya Region Liqasında yarışan “Araz Naxçıvan“, “İmişli“ və “Mingəçevir“in birinci dəstəyə buraxılması barədə qərar verib, “Xan Lənkəran“ı isə gözlənilərin əksinə, bu siyahıdan kənarda saxlayıb.

P.Hüseynovun mövqeyi birmənalıdır: AFFA I Divizionun qapılarını onun klubunun üzünə açmasa, Region Liqası “Xan Lənkəran“ın timsalında ən təminatlı iştirakçısını itirəcək.

Bu, o deməkdirmi ki, “Xan Lənkəran“, ümumiyyətlə, “futbol qəbirstanlığı“nın yolunu tutacaq.

Futbolsevərləri qayğılandıran odur ki, klubun nəzdində aşağı yaş qrupları üzrə bir neçə komanda formalaşdırılıb, akademiyanın tam tərkibdə fəaliyyət göstərməsi üçün demək olar hər şey hazırdır.

Hamının ilgisini çəkən sual budur: AFFA “Xan Lənkəran“a “yaşıl işıq“ yandırmasa, son 1 ildə görülən işlər yarımçıq qalacaq?

Bildiyimizə görə, “Xan Lənkəran“ uşaq futboluna diqqətini azaltmayacaq. Nə olur-olsun! Bütün aşağı yaş qrupları mövcudiyyətini saxlayacaq.

Buna kimi əsas komandaya xərclənən vəsait tamamilə akademiyaya sərf olunacaq. Həmçinin klub sosial yönümlü digər layihələrin icrasını davam etdirəcək.

SPORTİNFO.AZ

Azərbaycanın ən oxunaqlı media portallarından biri olan Sportinfo.az saytı müxtəlif təmayüllü təşkilatlar, biznes sturkturları və idman federasiyaları ilə portnyorluğa hazır olduğunu açıqlayır.

Böyük oxucu auditoriyasına malik Sportinfo.az reklam əməkdaşlığı qurmaq istəyən qurum və şirkətlərin təkliflərini gözləyir.

Şərtlərimizlə tanış olmaq istəyənlər bizimlə əlaqə qurmaq üçün:

GM MEDİA REKLAM

Telefon: (055) 278-90-41

E-mail: gmmediareklam@gmail.com

Azərbaycanın ilk veb-təhlil aləti - Metrix.az-da ölkə ərazisində fəaliyyət göstərən saytların reytinq cədvəli müəyyənləşrib.

Sportinfo.az Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycanın milli rəqəmsal media təhlili platformasında yer alıb (https://metrix.az/ratings/).

"Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.

Platforma Sportinfo.az-ın Azərbaycanın ən oxunaqlı idman saytı olmasını göstərir. Sportinfo.az may ayının ilk 22 günü ərzində 1 milyon səddini keçən yeganə idman saytıdır.

Ümumiyyətlə, Sportinfo.az ölkədə fəaliyyət göstərən bütün online media orqanları arasında ilk «TOP-15»də yer alıb. Reytinq göstəricilərinə görə Sportinfo.az əksər ictimai-siyasi, sosial və mədəniyyət yönümlü saytları qabaqlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov aprelin 29-da keçirilən təqdimat mərasimində müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq, onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.

Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.

İndi Ermənistan ictimai-siyasi fikri yalnız bir suala cavab axtarır: görəsən, bizə ilk növbədə təhlükəsizlik lazımdır, yoxsa güclü iqtisadiyyat?

Qeyri-sabitliyin hökm sürdüyü, mitinqlər dalğasının səngimədiyi, hakimiyyət dəyişikliyinə nail olmaq üçün müxalifətin hər gün insanları küçələrə səslədiyi Ermənistanın 30 illik müstəqilliyi dövründə hələ də bu suala cavab tapmaq mümkün olmayıb. Amma qonşuların təcrübəsindən yararlanmaq olar.

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan da eyni vəziyyətlə üzləşmişdi. Müharibədən dərin yaralar alan, sabitliyin olmadığı bir ölkədə üstəlik ağır humanitar böhran da yaşanırdı. Vətəndaş qarşıdurması, müxalifətin ağılsız addımları ölkəni müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Amma Azərbaycanın indiki Ermənistandan fərqləndirən əsas amil burada ölkəni və xalqı öz ardınca aparan qüvvənin olması idi. Ulu öndər Heydər Əliyev vətəndaş müharibəsində çabalayan, çoxsaylı silahlı qruplaşmaların əlində can verən, bir sözlə, intihar həddində olan Azərbaycanı ölümün cəngindən məharətlə almışdı və elə o vaxt da müstəqil ölkənin bir nömrəli inkişaf strategiyasının reallaşdırılması üçün ən vacib şərti müəyyənlədirmişdi: sabitlik. Ancaq seçim yalnız bu deyildi. Bir müddət sonra “Əsrin müqaviləsi” imzalandı, yeni neft strategiyası ölkənin iqtisadi güclənməsinə fokuslandı.

Burada iki mühüm məqam var: birincisi, Azərbaycanın müstəqillik dövrü qanlı müharibə və qırğınlarla müşayiət olunsa da, o, təcrübəli liderin sayəsində böhrandan çıxa bildi və təhlükəsizliyin əsas qarantı olan sabitlik iqtisadi inkişafa uğurla transformasiya edildi. İndi Ermənistanda bunu edə biləcək siyasi fiqur yoxdur. Amma qonşularla əməkdaşlıq çərçivəsində böhrandan çıxmaq olar. Azərbaycana daha çox qulaq asmaq lazımdır.

Sonuncu Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan etdi ki, “Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplərlə bağlı razılığa gəlinib”. Prezident İlham Əliyev də Türkiyə Prezidenti ilə telefon danışığında Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirdi. Deməli, artıq Avropa İttifaqı da Azərbaycan Prezidentinin Naxçıvanla nəqliyyat əlaqəsinə dair israrla 10 noyabr bəyanatına daxil etdirdiyi müddəanın regional inkişafın əsas komponenti olduğunu qəbul edir və bu məsələdə Azərbaycanla eyni mövqeni bölüşür. Nəhayət ki, Nikol Paşinyana Brüsseldə başa salıblar ki, ölkənin iqtisadi maraqlarını mənasız siyasi oyunlara qurban vermək olmaz. Bu isə Ermənistanın tərəddüdlərinə son qoyub. Bəzən rəsmi İrəvan birinci mənbədən aldığı siqnalları gec qəbul edir, ta ki, əsil reallığı ona başqaları pıçıldayana qədər.

Zəngəzur dəhlizi Azərbaycan üçün çox önəmlidir. Bu, aydındır. Çünki bu dəhliz təkcə Naxçıvanı Azərbaycana yox, Türkiyəni də türk dünyasına bağlayacaq. Bu dəhliz regionun flaqmanı olan Azərbaycana həm iqtisadi, həm də siyasi üstünlük qazandıracaq. Naxçıvana təyyarə uçuşları azalacaq, muxtar respublika nəqliyyat qovşağına çevriləcək, beynəlxalq yükdaşımaların həcmi artacaq. Ən əsası da infrastruktur layihələrinin icrası baxımından regionun mənzərəsi xeyli dəyişəcək.

Rusiyadan gələn yüklər də bu dəhlizlə kəsintisiz Ermənistana, İrana və Türkiyəyə çatdırılacaq. Türkiyə də bu xətt vasitəsilə Orta Asiyaya, Rusiyaya dəmiryolu çıxışı əldə edəcək.

Azərbaycan tərəfi artıq Ermənistan sərhədinə uzanan dəmir yolunun tikintisini bu ilin sonuna qədər başa çatdıracaq. İşlərin artıq 60 faizi görülüb. Ermənistan isə Mehri regionunda yolun keçəcəyi yerin coğrafi koordinatlarını hazırlamalı, dəmir yolunun tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmanı tezliklə həyata keçirməlidir. Ermənistan Zəngəzur dəhlizinə qoşulsa onun ÜDM-nin həcmi 35-40 faiz arta bilər. Nəqliyyat xərcləri bir o qədər azala bilər və ixrac potensialı 2 dəfə artar. İndi Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasını Ermənistan dövlətçiliyinə təhlükə görənlərin səhv yolla getdiyini göstərmək üçün tarixi şans qazanıb. Ola bilməz ki, hamı ona pis məsləhət versin. Əgər Rusiya, İran, Türkiyə və hətta Avropa İttifaqı da bu dəhlizin əhəmiyyəti və iqtisadi səmərəsi ilə bağlı eyni mövqeni bölüşürlərsə deməli, Azərbaycan haqlıdır - Zəngəzur dəhlizi açılmalıdır. Bundan həm də Ermənistan yararlanacaq. Rəsmi İrəvanın 30 ildir davam etdirdiyi blokada siyasəti onun özünün izolyasiyasına səbəb olmadan yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır.

Ermənistan nəhayət ki, 30 ildən sonra əsil müstəqilliyini əldə etməyə çox yaxındır. Bu, qonşularla sıx əməkdaşlıq şəraitində yaşamaq, Azərbaycanla sərhəd mübahisələrini sahmana salıb, işğalçı və revanşist meyillərdən əl çəkmək, sülh müqaviləsini imzalayıb çürük ideoloji tabuları yıxmaq sayəsində mümkündür. Çünki 30 illik təcrübə işə yaramadı və köhnə müttəfiq indi o qədər də güclü və cəlbedici görünmür.

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, o, 54 kq çəki dərəcəsində erməni idmançı Cahan Sahakyanı məğlub edib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Elmir Nəbiyev sosial şəbəkələrin çıxışı müzakirə olunub.

Ötən gün "Səbail"dən ayrıldığını açıqlayan Adil Nağıyevin danışıq apardığı klublardan birinin adına aydınlıq gəlib.

Belə ki, qarşıdakı mövsüm Premyer Liqada çıxış edəcəyi dəqiqləşən "Turan Tovuz" Nağıyevi heyətinə qatmaqda maraqlıdır.

Artıq bununla bağlı təcrübəli müdafiəçi ilə danışıqlara start verilib. Başqa təklifləri də olan Adil qərar verməkdə tələsmək istəmir.

Milli komandanın sabiq üzvü karyerası ərzində AZAL, "Zirə", "Sumqayıt" və "Səbail"in formasını geyinib. O, son mövsüm bayıl təmsilçisində 25 oyunda forma geyinib və 1 qol, 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionluq təntənəsi zamanı hər kəsi həyəcanlandıran zarafat edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı məşqçi “Aston Villa” ilə oyunun gedişində qəsdən uduzduqlarını bildirib:

“0:2 əvvəlcədən planlaşdırılmışdı. Sakit olun, sakit olun, bu, zarafatdır. Biz qol vurandan sonra isə hər şey heyrətamiz idi. Əla gecə oldu.

Hamı bilir ki, baş verənlər inanılmaz bir nailiyyətdir. İngiltərə çempionatı ən çətin çempionatdır.

“Mançester Siti”də olduğumuz 6 ildə 4 dəfə qalib gələ bildik. İnsanların üzündəki xoşbəxtlik əldə edə biləcəyimiz ən böyük mükafatdır”.

“Mançester Siti” Premyer Liqanın son turunda “Aston Villa” ilə qarşılaşmada 0:2 hesabı ilə geridə olsa da, sonradan 3 qol vuraraq çempion olub.

İngiltərə Premyer Liqası “Çelsi”nin ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Klubu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcək. Ümumi sərmayənin 2,9 milyard avrosu “zadəganlar”ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Xatırladaq ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra “Çelsi”nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb.

Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

«Səbail»in yeni baş məşqçisi AFFA tərəfindən seçiləcək.

Federasiya rəhbərliyi bu məsələ ilə məşğul olmağı texniki direktor Cahangir Həsənzadəyə həvalə edib.

Bu da təsadüfi deyil. «Caqa» kimi tanınan funksioner AFFA-da yüksək vəzifədə çalışmaqla bərabər, Bayıl klubunun İdarə Heyətində yer alır.

Namizədlərin müəyyənləşdirilməsi və konkret danışıqların aparılması ona tapşırılıb.

Mayın 13-də 1 illik yeni müqaviləyə imza atan Aftandil Hacıyevin postundan uzaqlaşdırılması da Həsənzadənin məsləhəti ilə reallaşıb.

Hacıyevə antipatiya bəsləməsini zaman-zaman nümayiş etdirmiş «Caqa» dəfələrlə klubun baş sponsoruna - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) rəhbərliyinə onunla bağlı mənfi fikirlər söyləyib.

«Sumqayıt»la keçirilən Premyer Liqanın son matçı isə Həsənzadənin əlinə böyük bəhanə verib.

O, səfərdə qeydə alınan 0:5 hesablı məğlubiyyətdən Hacıyevin əleyhinə istifadə edib və ASCO rəhbərliyini inandırıb ki, adıçəkilən şəxs postunda qalarsa, gələn sezonda da uğurlu nəticə qeydə alınmayacaq.

SPORTİNFO.AZ

Sportinfo.az xəbər verir ki, karyerasını Rusiyanın “Torpedo” komandasında davam etdirən Azərbaycan millisininqapıçısı Rövşən Hüseynlinin futzal federasiyasının mətbuat xidmətinə danışıb.

- Bakıya nə vaxt dönmüsən?

- Mayın 20-də gəlmişəm. Çempionat başa çatıb, ona görə də istirahətə buraxdılar. Müqaviləm isə iyunun 15-nə qədər davam edir.

- Bəs gələcək karyeranla bağlı vəziyyət nə yerdədir?

- Danışıqlar davam edir. “Torpedo”dan başqa “Araz-Naxçıvan” da məndən cavab gözləyir.

- Danışıqların uzanmasının səbəbi nədir?

- Bilirsiniz ki, UEFA Rusiya klublarına sanksiya tətbiq edib və onlar UEFA Çempionlar Liqasında iştirak etməyəcəklər. Eyni zamanda klubun büdcəsi, eləcə də legioner limiti ilə bağlı qərarı gözləyirlər. Bəzi futzalçılarla da müqavilə başa çatır. Bir sözlə, yeni mövsümlə bağlı baş məşqçinin hazırlıq planı, kimlərlə işləmək istəyəcəyi ilə bağlı qərarı gözlənilir. Amma klub rəhbərliyi xidmətimdə maraqlı olduğunu qeyd edib. Ona görə mən də hələ ki, cavab gözləyirəm.

- Özün seçimini etmisən?

- Əlbəttə, “Torpedo”da qalmağı çox istəyirəm. Ora gedəndən sonra komandam 8 oyun keçirdi və 3-də mənim adım olmadı. Çünki qeydiyyatla bağlı problemlər yaranmışdı. Daha sonra məsələ həllini tapdı. Pley-off zamanı oyunların hamısında iştirak etməməyim isə legioner limiti ilə bağlı idi. Bütün bunları nəzərə alsaq, Superliqada sözümü deməmişəm. Təbii ki, bu tək mənim qərarımdan asılı deyil. Bunun üçün klub da qərarını verməlidir. Yəqin ki, yaxın 10-15 gün ərzində bütün suallara aydınlıq gətiriləcək.

- “Torpedo” qarşıya qoyulan məqsədə nail olmadı, demək olarmı?

- Əslində, məqsəd pley-off-a vəsiqə qazanmaq idi ki, komanda əsas mərhələdə ikinci yeri tutmaqla buna nail olmuşdu. Həlledici mərhələdəki rəqibimiz dəfələrlə Rusiya çempionu olub, təcrübəli futzalçılardan qurulumuş komandadır. Heyətimizdə də zədəli futzalçılar var idi. Onların vacib oyunda iştirak etməməsi işimizi çətinləşdirdi.

- Pley-off oyunlarında az oynadın. Səbəbi ancaq limitlə bağlı idi?

- Bu, daha çox baş məşqçinin taktiki tapşırıqları ilə əlaqədar idi. Digər qapıçını beşinci oyunçu kimi istifadə edirdi.

- Ümumi hansı fərqləri qeyd edərdin?

- Çempionat həm maraqlı, həm də çətindir. Səfərlər üçün bəzən 13-14 saat yol gedirsən. Oyunların müddəti 50 dəqiqə davam edir. Bundan başqa, çempionatda güclü legionerlə çıxış edir. Təsəvvür edin, “Qazprom” əsas mərhələni 7-ci pillədə başa vursa da, Superliqanın finalına qədər irəliləyib. Yəni sonuncu pillədə yer alan komanda ilk pillədəki istənilən komandanı yenə biləcək gücdədir. Bir sözlə, maraqlıdır.

"Boyum o qədər də uzun deyil. Amma hava toplarında çox yaxşı olmuşam".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis futbolçu karyerasında üz-üzə gəldiyi ən çətin oyunçunun adını açıqlayıb.

O, Finlandiya yığmasının və "Liverpul"un sabiq müdafiəçisi Sami Hüpiya ilə dueldə hava mübarizələrində çətinliklə üzləşdiyini söyləyib:

"Alessandro Nesta və Fabio Kannavaro kimi oyunçulara qarşı daha çox hava toplarında qalib ayrılırdım.

Finlandiya ilə görüşdə komanda yoldaşlarıma deyirdim ki, həmin rəqibə qarşı daha yaxın oynayacağam. Prinsip aparırdım ki, onu üstələməliyəm. Amma heç birində üstələyə bilmədim".

Qurbanov ən yadda qalan iki qolu barədə də danışıb: "Yığmada Serbiya və Çernoqoriyaya və Rusiya "Fakel"indəki ilk matçımdakı akrobatik tullanışla vurduğum qolları qeyd edərdim".