10 yaşlı Nərminin müəmmalı qətli: bu iş harada və necə araşdırılacaq

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitinin yandırılmasıyla bağlı məhkəmə araşdırmaları başlayır.

Bizimyol.info xəbər verir ki, bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İşin məhkəmə araşdırması Dadaş İmanovun sədrlik etdiyi, Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Məhkəmənin hazırlıq iclası mayın 17-nə təyin edilib.

Nərmin Quliyevanın qətlinə görə Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov məhkəmə qarşısına çıxarılacaq. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham irəli sürülüb.

Lakin İlkin Süleymanov özünü təqsirli bilmir, azyaşlı Nərminin ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

İlkin Süleymanovun ailə üzvləri də onun təqsirsiz olduğunu, hüquq-mühafizə orqanlarının bu səs-küylü cinayət işinin açılması görüntüsü yaratmaq üçün onun üzərinə qoyduğunu bildirir.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, müvəkkilinə qarşı ittihamı təsdiqləyən mötəbər sübut yoxdur. Vəkil də İlkin Süleymanovun bu cinayəti törətmədiyinə əmindir.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov Bizimyol.info-ya bildirib ki, bu işdə bir sıra saxtakarlıqlara yol verilib. Onun sözlərinə görə, cinayət işinin materiallarında İlkinin yanvarın 10-da saxlandığı göstərilib. Halbuki, yanvarın 6-da onun saxlanması barədə müxtəlif saytlarda informasiyalar yayılıb: “Dörd gün İlkinə işgəncə veriblər. Ona görə o müddəti rəsmiləşdirməyiblər. Onun tutulduğunu bütün kənd bilirdi, saytlar yazmışdı. Bunu necə saxtalaşdırmaq olar?”

İlkin Süleymanovun müdafiəçiləri 4 günlük fərqlə bağlı məsələni məhkəmədə də mübahisələndirib. Vəkillər həmçinin İlkinin işgəncə iddiaları ilə bağlı prokurorluöa da şikayət verib. Lakin prokurorluq bu iddiaların əsassız olduğu qənaətinə gəlib və cinayət işinin başlanması rədd olunub. Müdafiə tərəfi prokurorluğun qərarından məhkəməyə şikayət versə də, nəticə dəyişməyib.

Adil Süleymanov həm ailələrinin, həm də Dondar Quşçu kənd sakinlərinin prezident və vitse-prezidentə müraciət etdiyini bildirib. Onlar bu işin obyektiv araşdırılması üçün göstəriş verilməsini istəyiblər.

Adil Süleymanov deyir ki, hüquq-mühafizə orqanları istər kənd camaatı, istərsə də səlahiyyət sahiblərində qardaşı haqqında yanlış rəy formalaşdırmaq üçün yalan məlumatlar yayırdılar. Onun sözlərinə görə, kəndin bir sıra sakinləri İlkinin əleyhinə yalan ifadə vermək üçün təzyiqlərə məruz qalıb. Onların arasında təzqiqlər üzündən intihara cəhd edənlər də olub: “Birindən tələb ediblər desin ki, guya İlkini “pampers” aldığı yerdə görüb. Başqa birinə təzyiq ediblər ki, İlkinin qız-gəlinə sataşmağa meylli olduğunu desin. Adamlara əziyyət verirlər. Ümumiyyətlə, saxta sübutlar yaratmağa çox cəhd elədilər. Plan olub ki, uşağın qulağında olmuş sırğanın eynisini bizim həyətə atsınlar, amma ifşa olundu”.

Yayılan məlumatlardan biri də İlkin Süleymanovun Nərmini qətlə yetirməmişdən öncə videoya çəkməsi haqda olub: “İddia edirlər ki, guya İlkin çoxbilmiş olub, 47 gün uşağı gizlədə bilib. Bunun cinayəti gizlətmək qabiliyyəti vardısa, niyə meyiti gətirib evinin yanında yandırırdı?”

0
372
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar