Arutunyanın Moskva səfəri – Biz istəsək də, istəməsək də…

Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində axtarış elan olunmuş Araik Arutunyan 3 gün öncə qəfil Moskvaya çağırılıb. Araik Arutyunyanın hansısa siyasi xarakterli dəvətlə Moskvaya səfər etməsi Azərbaycan cəmiyyəti tərəfindən regionda başladılan kövrək sülh proseslərini pozan hadisə kimi qiymətləndirilib.

Rusiyanın sülhməramlı missiyasına kölgə salan hərəkətlər, Ermənistandan çox məhz elə bu ölkənin əli ilə törədilir. Bundan əvvəl də Arutunyanın Rusiyaya səfəri təşkil olunmuşdu. Görünən odur ki, Rusiyada müəyyən dairələr bölgədə gərginliyin, seperatizmin alovlanmasında maraqlıdır. Rəsmi Moskva isə ya susur, ya da verdiyi alayarımçıq açıqlamalarla bizə qarşı xoş olmayan münasibət sərgiləyir. Arutunyanın Moskva səfərinin məqsədi nədir?

Bizimyol.info-ya Arutunyanın Moskva səfərini şərh edən politoloq Fərhad Məmmədov bu məsələnin iki kontekstdən nəzərdən keçirilməli olduğunu bildirib.

 

Fərhad Məmmədov

“Bu məsləyə iki kontekstdən baxılmalıdır. Birincisi, Rusiya sülhməramlılarının Azəbaycan ərazisində olub yerli sakinlərlə münasibətləri formalaşdırması konteksti, ikincisi Ermənistanda Rusiyanın seçkiqabağı atdığı addımlar.

Ermənistanın ortaya seçki kampaniyasını atması Rusiyanın bir sıra planlarına müəyyən dəyişikliklər gətridi. Məsələn, indi Rusiya kommunikasiyaların sürətlə açılmasında o qədər maraqlı görünmür. 10 noyabr sazişindən sonra biz kommunikasiyaların açılması istiqamətində Rusiyanın hər hansı bir səyini görmürük. Deməli, hər şeyi seçkilərlə uzlaşdırmağa çalışır. 10 noyabr sazişinə əsasən, sülhməramlılar əraziyə daxil olmalı, Ermənistan silahlı qüvvələri ərazini tərk etməliydi. Lakin bu olmadı. Bu maddə sona qədər yerinə yetirilməyib.

Ermənistan mediasında nə izləyirik? Valideynlər Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirərək, övladlarının Qarabağa göndərilməsini istəmədiklərini deyirlər. Bu o deməkdir ki, rəsmən elan edilməsə də, Ermənistandan gənclər hələ də Qarabağa orduya göndərilir. Eyni zamanda Qarabağdakı əsgərlərin geri qayıtması, məzuniyyətə çıxması imkansızlaşıb. Müəyyən rotasiya mövcuddur. Digər tərəfdən Qarabağda mövcud olan problemlər kiminləsə danışılaraq həll edilməlidir. Azərbaycanın gözləntiləri var. Və bu gözləntiləri həyata keçirmək üçün həm Ermənistanın Müdafiə Nazirliyi, həm Qarabağda olan hərbi qüvvələr biz istəsək də, istəməsək də Rusiya ilə görüşlər keçirməlidir. Bu faktdır. Rusiya bu missiyanı öz üzərinə götürüb. Təəssüf ki, sülhməramlıların fəaliyyətini tənzimləyən hər hansı bir sənəd olmadığı üçün onların nəyi edib, nəyi edə bilməyəcəyi barədə əlimizdə konkret maddələr yoxdur. Məhz tənzimləyici sənədin olmamasına görə suallar yaranır. Biz sülhməramlıların Qarabağdakı fəaliyyətində yol verdikləri bütün qüsurlarla bağlı cəmiyyət olaraq narazılığımızı bildiririk və bu narazılıq çoxaldıqca Rusiyanın sülhməramlı missiyası o qədər gözdən düşür, zəifləyir. Ermənistan diversantların söhbətini AŞPA-da qaldırdı, BMT-də qaldıracaqlar və getdikcə daha çox təşkilatlara üz tutacaqlar. Bu o deməkdir ki, Rusiyanın sülhməramlı kimi rolunu Ermənistanın özü də şübhə altına aldıracaq və Rusiyanın rolu qalmayacaq. Ona görə Rusiya bu mövqeyi qoruyub saxlamaq üçün onların başını sığallayır”.

Zəif və məğlub ölkə olsa belə, Ermənistan bütün hadisələrdən öz xeyrinə istifadə etmək üçün çarə və güc tapır, hər vəziyyətdə “başı sığallanan” əzabkeş olmağı bacarır. Rusiyanın başımıza açdığı bu qədər təhlükəli oyunlardan sonra bizim ona qarşı hər hansı bir təsir alətimizin olmaması isə üzücü olardı. Əlimizdə ona qarşı bütün dünyanı narahat edən “İskəndər M” kimi güclü bir kart varkən, missiyasını yerinə yetirə bilməyən sülhməramlı işğalçını geri itələyib, yerində otuzdurmanın zamanı deyilmi?..

İlhamə Rəsulova

0
270
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar