Berlindəki Türkiyə səfirliyi önündə aksiya: "Bayram Məmmədova nə oldu?"

Aktivistlər Bayram Məmmədovun ölümünün səbəblərinin araşdırılmasını istəyirlər
Mayın 17-də azərbaycanlı aktivist Bayram Məmmədovun İstanbulda ölümü ilə bağlı Almaniyanın Berlin şəhərində bir qrup aktivist aksiya keçirib. Aksiya Türkiyə Cümhuriyyəti Səfirliyinin önündə olub.
Mayın 2-də İstanbul dənizində azərbaycanlı aktivist Bayram Məmmədovun cəsədi tapılıb.
İştirakçılar Türkiyə Səfirliyinə müraciət ünvanlayıblar.
Həmin müraciətdə deyilir ki, 2016-cı ildə Bakıda həbs edilən və 3 il həbs yatan Bayram Məmmədovun mayın 2-də İstanbulda cəsədi tapılıb. Onun ölümünün üzərindən 2 həftədən çox vaxt keçib. Ancaq Türkiyə Cümhuriyyəti rəsmiləri Bayram Məmmədovun ölümü ilə bağlı hər hansı bir açıqlama verməyib:
"Bu barədə onun ailəsinə də açıqlama verilməyib. Bayramın başına nə gəlib, ölübmü, öldürülübmü, ölüm səbəbi bir cinayətdirmi, bilinmir. Cavabsız qalan çoxlu suallar var”.
Müraciətdə Bayram Məmmədovun daha öncə başına gələnlərdən də bəhs edilib. Bildirilib ki, 26 yaşındakı Bayram Məmmədov narkotik istifadə etməsi iddiası ilə 2016-cı ildə Azərbaycanda həbs edilib. Ancaq onun həbsinin əsl səbəbi eks-prezident Heydər Əliyevin heykəlinə yazı yazması olub. Bu səbəbdən Əliyevlər ailəsinin hədəfinə çevrilib:
"Azərbaycanda hər il mayın 10-da Gül Bayramı keçirilirdi. Hazırki Prezident İlham Əliyevin atası, eks- prezident Heydər Əliyevin doğum günündə qeyd edilən bu bayramda Bakı şəhəri çiçəklərlə bəzədilirdi. Müxalif fikri ilə tanınan Bayram Məmmədov 2016-cı il mayın 9-da, yəni Gül Bayramından bir gün əvvəl dostu ilə birlikdə Heydər Əliyevin Bakının mərkəzindəki heykəlinə "Qul Bayramınız Mübarək”, - yazdı. Hadisədən bir gün sonra, mayın 10-da həbs edildi. 3 il həbsdə yatdı və bu müddət ərzində dəhşətli işgəncələrə məruz qaldı. Ondan hər kəsin önündə heykəldən üzr istəməsi istəndi. 10 il həbs cəzası verilən Bayarm Məmmədov 2019-cu ildə çıxan əfv sərəncamı ilə sərbəst buraxıldı”.
Müraciətdə qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ilin fevralında Bayram Məmmədovun haqsız yerə həbs edildiyinə qərar verib. Məhkəmə Azərbaycan hökumətini 36 min avro cərimələyib:
"Bayram Məmmədov həmin pulla İstanbulda oxumağa qərar verib. 2020-ci ilin noyabrında İstanbula, Kadıköyə köçüb. Universitetə qəbul olmaq üçün ingiliscə öyrənirdi. Ancaq mayın 2-də dənizdən cəsədi çıxdı. Bayramın İstanbulda ani ölümü və Türkiyə rəsmilərinin ölüm səbəbini açıqlamaması onun cinayətə qurban getməsi şübhəsi yaradır. Kadıköy polisinin verdiyi açıqlama qarışıqdır. Məsələn, polis deyir ki, Məmmədovun cəsədi "Haydarpaşa Garı” sahilində tapılıb. Ancaq şahidlər onun cansız bədəninin Moda sahilində tapıldığını deyir. Onun İstanbuldakı azərbaycanlı dostlarının araşdırmaları da bu istiqamətdədir. Polis deyir ki, o dənizə yıxılıb və çıxmağa çalışarkən boğulub. Ailəsi və dostları isə onun çox yaxşı üzə bildiyini deyirlər”.
Aksiya Mənbə: Meydan TV
Müraciətin sonunda bildirilir ki, bu günədək Türkiyədə bir çox azərbaycanlı müxalif həbs edilib. Onların başlarına nə gələcəyi sorğulanmadan Türkiyə hökuməti tərəfindən Azərbaycana veriliblər:
"Türkiyə artıq azərbaycanlı solçu aktivist və müxaliflər üçün güvənilməz, qaranlıq bir ölkəyə çevrilib. Bütün bunlar Bayram Məmmədovun ölümünü daha da şübhəli hala çevirir”.
Aksiya iştirakçılarının tələbləri bunlardır:
1. Bayram Məmmədovun ölümü tərəfsiz şəkildə araşdırılmalı; 2. Evindən hadisə yerinədək olan bölgənin güvənlik kamerası görüntüləri ictimaiyyətə təqdim edilməli; 3. Rəsmi açıqlamalarla şahid ifadələrindəki qarışıqlıqlar aydınlatılmalı; 4. Ölüm səbəbi ilə bağlı tibbi rəy açıqlanmalıdır.
Müraciətin sonunda bildirilir ki, Bayram Məmmədov Heydər Əliyevin heykəlinə yazdıqları ilə əslində Əliyev diktatorluğunun yaydığı qorxu divarını aşıb: "Əliyevlərin gücünün rəmzi halına gələn, onların toxunulmazlığını xalqa sübut etməyə çalışan heykəlin toxunabilir olduğunu göstərib. Buna görə də iqtidarın hədəfinə çevrilib. Məsələn, bir bayramdan çox diktaturanın varlığını göstərən Gül Bayramı 4 ildir ki, keçirilmir. Bunu 22 yaşındakı gənc bacarıb. Bununla da Bayram Məmmədov Azərbaycanda qorxusuzluğun və cəsarətin rəmzinə çevrilib. "Mən azadlığa aşiqəm” - deyən, Bayram Məmmədov "həqiqət, ədalət və bərabərlik” üçün savaşmağı bizə miras qoyub. Buna görə onu heç vaxt unutmayacağıq, unutdurmayacağıq. Ölüm səbəbi aydınlaşana qədər də bu savaşdan əl çəkməyəcəyik”.
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı. Yaxınları onun Avropada təhsil almaq üçün hazırlaşdığını deyirlər.
Onun ölümü haqda məlumat mayın 4-də, gecə saatlarında yayılıb.
Dostları deyir ki, mayın 2-dən etibarən gənc fəaldan xəbər ala bilməyiblər. Onun harada olması haqqında məlumatları olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Onun cəsədinə yaxınları tərəfindən baxış keçirilməyib. Yalnız cəsədin fotosu polis tərəfindən dostlarına göstərilib və Bayram Məmmədov olduğu təsdiqlənib.
Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək” və "Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Bundan sonra da Bayram Məmmədov ictimai fəallığına görə sutkalıq həbs cəzası çəkib.(Meydan TV)

0
149
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar