Bu gün şəhid Cəlil Xeyrullayevin ad günüdür

Cəlil Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3 nömrəli kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub. Nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Xeyrullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Xeyrullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət etsin!

0
126
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar