Dövlət və dövlətçilik üçün təhlükə olan Ramiz Mehdiyevdən çəkinənlər hələ də çoxdur

Mirkazım SEYİDOV: "Boz kardinal"ı gözə girmək üçün "vurmağa" girişənlərin, onun bəd əməlləri barədə faktları tam çılpaqlığı ilə ortaya qoymağa, bu gün də, cürət və cəsarətləri çatmır"

"Onsuz da, ölkə gündəmi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, Novxanıdakı qiyməti milyonlarla ölçülən dəbdəbəli bağ evində keçirdiyi qız nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə hələ çox çalxalanacaq. Çünki bu toy mərasiminin ortaya çıxardığı diqqətçəkici məqamlar çoxdur və hamısı da, gizli çox mətləblərdən xəbər verir. Ən əsası odur ki, -- şəxsən özüm belə düşünürəm, -- Ramiz Mehdiyev bu mərasimlə bağlı verdiyi sensasion iki açıqlamasıyla, qabaqcadan hazırlanan hiylə dolu məxfi planlar ustası olduğunu bir daha təsdiqləmiş oldu. Bunun sübutu kimi, elə, onun ikinci açıqlamasında adlar çəkməsinə diqqət yetirmək kifayətdir. O, bunu o məqsədlə etdi ki, həmişə özünə işlətdiyi, dövlət idarəçiliyində söz və səlahiyyət sahibi olan həmin vəzifə sahiblərini, dövlət başçısının özünün təşəbbüsü ilə, yüksək çinli belə məmurların uzunömürlü bəd əməllərinə son qoymaq üçün ötən ildən başlayan və artıq ikinci dalğası belə daha güclü şəkildə, daha sürətlə davam edərək, ölkə gündəminin əsas vitrin mövzusuna çevrilən kompleks, sistemli və ardıcıl islahatlar dönəmində hakimiyyət rəhbərinin hədəfindən yayındıra bilsin

Mən isə, belə bir qənaətdəyəm ki, kifayət qədər xoşagəlməz hallarla, problem və çatışmazlıqlarla yüklənən bütün rəhbər strukturlarda özlərinin yerlərini bərkidən və həmişə Ramiz Mehdiyevin özünə işləyən kadrları dövrün əsas tələbi olan və ölkə başçısının rəhbərliyi altında uğurla həyata keçirilən bu köklü kompleks islahatlardan kənarda qalmamalıdırlar. Di gəl ki, Ramiz Mehdiyev buna mane olmaq üçün də, nəsə düşünə bilib. Bu da, onun tərəfindən düşünülmüş hiylə dolu bir siyasətdir və yaxşı olmayan nəyəsə hesablanıb. Narahatedici daha bir əsas məsələ ondan ibarətdir ki, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal, həm də siyasi kontekstdə şərh edilir və buna, onun özü və ətrafı daha çox cəhd edir. Baş verənlər, həqiqətən də, Ramiz Mehdiyevin özünün oyunu olduğunu bir daha təsdiq edir. Buradan aydın olan isə odur ki, o və onun adamları hər addımları ilə ölkə siyasi elitasını aqressivləşdirib, təxribata çəkmək istəyir. Bunun qarşısı tezliklə alınmasa, bu xoşagəlməzliyin uzun zaman belə qalacağı da şübhəsizdir. Elə, buna görə də: "Yaşlı adamdır, çox üstünə getmək olmaz", -- deyənlərin sözlərinə baxmaq düzgün deyil. Çoxlarının düşündüyündən fərqli olaraq, belə hesab edirəm ki, Ramiz Mehdiyev hazırda da dəhşətli dərəcədə təhlükəli adamdır!".

Bu fikirləri araz.az-a açıqlamasında ictimai-siyasi xadim, fəal diasporçu kimi yaxşı tanıdığımız Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Mirkazım Seyidov bildirib. O, bu açıqlamasında sonra qeyd edib ki, Аzərbaycanın bir dövlət olaraq Rusiyada imicinin artırılması və lazımi səviyyədə təmsil edilməsi üçün, Federasiyanın bütün regionlarındakı azəri təşkilatlarının birləşməsinə, diasporumuzun irəli getməsinə, bu məqsədlə müəyyən layihələri birgə həyata keçirməsinə həmişə böyük ehtiyac duyulub: "Təəssüf ki, Prezident Administrasiyasında uzun zaman yüksək vəzifə tutan və yüksək səlahiyyət sahibi olan Ramiz Mehdiyev buna da imkan verməyib. Dövlət səviyyəsində bu istiqamətdə nə edilibsə, həmişə öz mənafeyini bunların qarşısına bir əngəl kimi itələyib. Nəticədə, Azərbaycan diasporundakı mövcud problemlərin həllinə nail olmaq da, mümkün olmayıb. Milli mənafe məsələsi onun xarakterinə yad olduğundan, çox əfsuslar ki, bu xarici ölkədəki soydaşlarımızın bütün ümidləri çox vaxt puça çıxıb. Onun, dövlətimiz adından biz diaspor rəhbərlərindən ağlagəlməz tələbləri ucbatından, bu qurumlarımız daxilində kök salan neqativliklər getdikcə daha da şaxələnərək, bütün inam və imkanlarımız üstə qara xətlər çəkib. Bütün bunlar da onun sübutudur ki, Ramiz Mehdiyev və onun ətrafındakılar, Azərbaycan mənafeyi naminə yaxşı nəsə etmək istəyənlərin də düşməni olublar.

Bu yerdə, həm də bunlar nəzərə alınmalıdır ki, bütün hakimiyyət rıçaqlarını əlində cəmləşdirdiyi 27 ildə bu xalqa, bu dövlətə doğması kimi yanaşan və milli mənliyi olan hər kəsin şəxsi düşməninə çevrilən Ramiz Mehdiyev, indi də, nə etdiyini yaxşı bilir. Həmişə məni dəhşətə gətirən o olub ki, milli sözü bu insana zəhərdən betər təsir göstərib və ömrü boyu bu xalqın genofondunu məhv etməyə çalışıb.

Beləcə, dövlət içində dövlət quran "boz kardinal" ləqəbli Ramiz Mehdiyev kim milli adamdırsa, onu məhv etməyə çalışıb. Hətta bu yaxınlarda belə bir məlumat da əldə etmişəm ki, o, prezidenti olduğu Akademiyanın adından belə "Milli" sözünü çıxarmaq qərarına gəlib.

Bəli, Ramiz Mehdiyev hakimiyyətdə böyük vəzifə tutmaqla, bu xalqın özünü dərkinə xidmət edəcək hər şeyi məhv etməyə çalışıb. O, hətta, həmişə milli hissləri daha güclü olan nüfuz sahibi Azərbaycan vətəndaşlarını da mənən sındırmağa çalışıb. Qarabağ uğrunda gedən döyüşlərdə milli hisslərinin daha güclü olduğunu sübut edən qazilərimizə belə divan tutmaqdan çəkinməyib. Rəhmətlik Heydər Əliyevin sağlamlıq durumunun ağır olduğu vaxtlar, yəni, ölkənin idarəçiliyini faktiki olaraq Ramiz Mehdiyev həyata keçirərkən bu xoşagəlməzliyin daha çox şahidi olmuşuq. Ramiz Mehdiyevin bir çox dublikat və saxta müxalifət partiyaları yaratması da, milli mənafelərimizə zidd hərəkətləri kimi hamını olduqca narahat edib. Elm adamları çox yaxşı bilir ki, o, vəzifədə olarkən Azərbaycan elmini və təhsilini də məhv edib. Azərbaycanda "boz kardinal” kimi məşhurlaşan 82 yaşlı Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-də Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldı və elə həmin gün AMEA-nın prezidenti oldu. O vaxta qədər də, AMEA bir dövlət qurumu olaraq, onun kurasiyasında idi. Həqiqi alimlərin AMEA-ya yollarının bağlanması üçün, həmişə Akademiya rəhbərlərinə öz qəti tapşırıqlarını və iyrənc göstərişlərini verib. Əvəzində oranı özünə yaxın saxta akademiklərlə doldurub. İndi isə, oranın rəhbəri olaraq, milli mənafelərimiz əksinə olan olduqca qorxulu həmin əməllərini özü davam etdirməkdədir.

Bütün bunlar onun sübutudur ki, Ramiz Mehdiyev heç vaxt milli mənafelərimiz naminə çalışmayıb. Dövlət imkanlarından sui-istifadə nəticəsində nə edibsə, öz mənafeyinə yönəltdiyi maxinasiya və korrupsiyası naminə edib. Hətta ziyanlı kadrları hakimiyyətə gətirməsini də, o, bu istiqamətdə hazırladığı xoşagəlməz planlarının həyata keçməsinə hesablayıb. Dəhşət ondadır ki, onun belə qorxulu kadrlarının hakimiyyətdən uzaqlaşdırılması indi asan başa gəlmir. Bu şəxslər mütləq neytrallaşdırılmalıdırlar. Onların hakimiyyətdə və vəzifələrdə təmsil olunması dövlətimiz üçün böyük təhlükədir.

Əlimdə Ramiz Mehdiyevin anti-milli əməllərinin sübutu olan kifayət qədər faktlar olub və bütün bunlara görə, media vasitəsi ilə onu tənqid etməkdən heç vaxt çəkinməmişəm. Hədə-qorxularına, təhdidlərinə məruz qalsam da, onun bəd əməllərindən yazmağı vətəndaş borcum hesab etmişəm. Təəssüf ki, hakimiyyətdə olan Ramiz Mehdiyevin pis əməllərindən açıq yazmağa olduqca az qələm sahibi cürət edib. Buna cəsarəti çatanlar, yəni mənim kimi onun bəd əməllərindən açıq-aşkar yazanlar, onun və yaxınlarının tərəfindən çox incidilib və yaxşı hər şeydən məhrum ediliblər".

Açıqlamasının bu yerində Mirkazım Seyidov xüsusi olaraq onu vurğulayıb ki, nədənsə, məlum toy mərasiminin foto-video görüntülərindəki korrupsiya və rüşvətin sübutu olan faktlara toxunmağa, bu barədə deyənlərin və yazanların yenə də cəsarətləri çatmayıb: "Onlar cürət edib, Ramiz Mehdiyevin hakimiyyətdə olarkən törətdiyi korrupsiya faktlarına toxunmaq istəməyiblər. Halbuki bu barədə hər şeyin sübutu, elə, bu toy mərasiminin keçirildiyi həmin bağ evinin özüdür. Demək lazımdır ki, təqribi qiyməti 30 milyona yaxın olan, adının və soyadının baş hərfləri formasında inşa edilən bu əzəmətli villanı o hansı pul hesabına tikdirib? Axı, bu barədə danışmaq onların xarakterlərinə yaddır, çünki çox vaxt özləri də bu çirkabın içində olublar. Amma mənim Ramiz Mehdiyevin tükürpədici korrupsiyası barədə dörd-beş il bundan əvvəl də yazmağa cürət və cəsarəim çatıb. Ümumiyyətlə, dövlət və dövlətçilik üçün böyük təhlükə olan Ramiz Mehdiyevin kimliyi və bəd əməlləri barədə tükürpədici faktları son 10 ildə dəfələrlə yazılarımda, çıxışlarımda açıqlamışam. Elə, araz.az-da da, belə çox yazım dərc edilib. Nəticədə, Ramiz Mehdiyev Əli Həsənovla bərabər, məni hər şeydən məhrum ediblər. Hətta doğma Vətənimdə mənə vəzifə verilməsinə və deputat seçilməyimə də imkan verməyiblər".

Mirkazım Seyidov belə hesab edir ki, Azərbaycanda yenidən parlament seçkiləri keçirilməlidir. Çünki artıq hakimiyyət komandasında arzuolunmaz şəxs hesab edilən Ramiz Mehdiyevin Milli Məclisin hazırki tərkibində xeyli sayda tərəfdarları var: "Nədənsə, bu gün heç kim Ramiz Mehdiyevin ən yaxın silahdaşları olan bu deputatlar, eləcə də yüksək vəzifə sahibləri barədə yazmırlar.

Bütün bunları deməkdə məqsədim "yıxılana balta vurmaq" yox, vəzifədə olan və haqsızlıq etməkdən çəkinməyən həmin şəxslərə də bir daha xatırlatmaqdır ki, heç kim vəzifə kürsüsündə əbədi deyil, hamı etdikləri pisliklərin cavabını hökmən alır.

Elə, bu xoşagəlməz tendensiyalara görə də, Ramiz Mehdiyev həm akademiyada tutduğu vəzifədən getməlidir, həm də hakimiyyət onun uzun illər apardığı siyasətlə bağlı ciddi araşdırma aparmalıdır. Hüquq-mühafizə orqanlarının prezidentin siyasi iradəsinə söykənən korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir ölkə vətəndaşının ürəyincədir və bunu ürəkdən dəstəklədiklərini hər yerdə bəyan edirlər. Məhz buna görə də, Ramiz Mehdiyevin korrupsiyası, dövlət imkanlarından sui-istifadə etməsi, ziyanlı kadrları hakimiyyətə gətirilməsi, anti-konstitusion addımları barədə ən sərt şəkildə araşdırma aparılmalı və o, qanun qarşısında layiq olduğu cəzasını almalıdır".

Məhi ELSEVƏR,

araz.az xəbər portalının xüsusi müxbiri.

0
584
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar