"Ermənistan bu siyasi reallıqla barışmağa məcburdur, məhkumdur"

“2020-2021-ci il bizim üçün tarixi yeniləmə günüdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, 30 ilə yaxın müddətdə hər il müxtəlif aylarda və ya günlərdə rayonlarımızın işğalı gününü yad edirdiksə, artıq biz bunu keçmiş tarix kimi xatırlayacayıq: “2020-ci ilin sentyabrın 27-dən başlayaraq, 44 gün ərzində davam etmiş İkinci Qarabağ müharibəsi nəinki Azərbaycanın hərb tarixinə, ümumiyyətlə 21-ci əsrin hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz hədəfinə çatmış oldu. Təbii ki, bəzi problemlər hələ də qalsa da amma o problemləri biz o qədər də böyük problem kimi qəbul edə bilmərik. Ən əsası 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsi demək olar ki, 85-90% həll olunub. Qalan 15-20% isə müəyyən zaman ərzində həll olunma imkanına malikdir. Laçın Dağlıq Qarabağ ilə Ermənistanın əlaqə qura biləcəyi yeganə ərazidir. Laçının əldən getməsi Azərbaycan üçün çox böyük imkanların itirilməsi demək idi. Biz bu il bu günü fərqli qeyd etdik. Çünki biz Laçını bir güllə atmadan aldıq. Bu öz-özlüyündə diplomatik uğurun bir nəticəsidir. Təbii ki, ölkə başçısı cənab İlham Əliyev bu diplomatik uğuru Azərbaycana bəxş etdi. Bu asan bir iş deyildi. Çünki istəyir “Madrid prinsipləri” olsun, istəyir “Kazan prinsipləri” olsun, istəyir “Lavrov planı” olsun fərqi yoxdur hər birində işğaldan azad edilmiş ərazilərin heç biri bu qədər asanlıqla bizə qaytarılacağı deyilməmişdi. Artıq biz Azərbaycan ordusunun şanlı qələbəsi, ölkə başçısı cənab Prezident İlham Əliyevin siyasi iradəsi, bir növ Azərbaycan diplomatiyasının uğurlu gedişatı ilə qardaş Türkiyənin bizə verdiyi böyük dəstək nəticəsində həm siyasi, həm mənəvi, həm də maddi dəstəyi nəticəsində artıq bu gün illərlə davam edə biləcək münaqişənin həll olunmasına nail olmuşuq. Məhz ona görə ki, cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman çıxışlarında qeyd edirlər ki, Qarabağ məsələsini həll etdik. Yəni bu ərazilər Azərbaycanın tam suverenliyi altındadır”.

Samir Hümbətov həmçinin qeyd edib ki, Azərbaycan üçün Laçının çox böyük siyasi və hərbi əhəmiyyəti var: “Laçın dəhlizi Dağlıq Qarabağla Ermənistan arasında yeganə kolidor hesab olunur. Bu gün artıq Laçının azad olunması erməniləri buradan rahat şəkildə keçməsinin qarşısını alacaqdır. Hesab edirəm ki, bir müddət sonra Azərbaycan Dövlət Sərhəd Xidməti Laçın kolidorunda da öz məntəqəsini, öz postlarını quracaq. Daha sonra Dağlıq Qarabağda yaşayan ermənilər, sülhməramlılar artıq başa düşəcəklər ki, buradan keçid ancaq Azərbaycanın razılığı ilə mümkündür. Ermənistanın ikinci itirəcəyi şey odur ki, orada kənd təsərrüfatı məhsulları Dağlıq Qarabağdan istehsal olunaraq Ermənistana göndərilir. Bununla yanaşı Ermənistan Laçın dəhlizini itirərək bunları edə bilmir və xarici şirkətlər də Ermənistandan çıxmağa başlayıblar. Ermənistan artıq iqtisadi imkanlarını itirib. Üçüncü məsələ isə burada Ermənistanın siyasi kriz yaşamasıdır. Çünki Ermənistan iqtidarı da, müxalifəti də həmişə söyləyirdi ki, Laçın kolidoru Ermənistan üçün olduqca böyük əhəmiyyətə malikdir. Artıq bu gün Ermənistan Laçına nəzarət etmir. Ermənistan bu siyasi reallıqla barışmağa məcburdur, məhkumdur. Əgər Ermənistan bundan sonraki mərhələlərdə Azərbaycanla normal münasibət quracaqsa, Dağlıq Qarabağ erməniləri və Ermənistan erməniləri arasında Azərbaycanın razılığı əsasında Laçın kolidorunun işləmək imkanı yaranacaqdır. Laçının azad edilməsi həm tarixi baxımdan, həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın ən böyük qələbəsidir. Ələxsus da ki, məhz bu ərazilərin bir güllə belə atılmadan Azərbaycana qaytarılması böyük diplomatik uğurun nəticəsidir”.

Arzu Elsevərqızı

0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar