Ermənistanda yaralı hərbçiləri deputatların hesabına müalicə etmək təklif olunur

Ermənistan hələ də Qarabağ müharibəsindəki məğlubiyyətin acısını yaşayır.

Hökumət həlak olmuş hərbçilərin ailələrinə, yaralılara yetərincə dəstək göstərmir. Ermənistan mətbuatı yüzlərlə şikayətə yer verir. Giley-güzar azalmaqdan daha da artır.

Bizimyol.info xəbər verir ki, Ermənistanda yaralı hərbçiləri deputatların hesabına müalicə etmək təklif olunur. Belə təklifi ölkə parlamentinin üzvü Tiqran Urixanyan irəli sürüb. Deputat növbəti iclasda məsələni gündəmə gətirib. Urixanyan konkret qanun layihəsi ilə danışıb. O, parlamentin hər üzvünün məvacibindən 50 min dram (təxminən 100 dollar) yaralı hərbçilərin müalicəsinə ayırmağı təklif edib.

Müstəqil deputat parlamentdə çox kəskin çıxış edib. Millət vəkili müharibədə yaralananlara lazımi diqqət göstərilmədiyini bildirib. Urixanyan deyib ki, deputatlara çox yüksək məvacib verilir, onlar isə bir çox missiyaları həyata keçirmirlər. Müstəqil deputat həmkarlarının aktual məsələlərin həlli üçün bir çox səfərlərdən yayındığını söyləyib. Bunun üçün isə hər il 80 milyon dram (təxminən 160 min dollar) ayrılır. Urixanyan təklif edir ki, bu məbləğ müharibə nəticəsində birinci qrup əlilinə çevrilmiş 114 hərbçinin müalicəsinə yönəldilsin.

Spiker Ararat Mirzoyan parlament üzvünün fikri ilə tam razılaşmaq istəməyib. O, hərbi qulluqçuqların sığortası fonduna hələ 2019-cu ildə parlamentin qənaət etdiyi vəsaitdən 400 milyon dram (təxminən 800 min dollar) köçürüldüyünü bildirib.

Urixanyan, deyəsən, istəyinə çatmayacaq. Onun təklifi qəbul olunmayıb. Deputatın irəli sürdüyü qanun layihəsi yetərli sayı toplamayıb. Hərçənd, sosial şəbəkələrin Ermənistan seqmentində Urixanyanın təklifini müsbət qarşılayıblar.

Ermənistan parlamentinin üzvləri 1000 dollardan bir az artıq, daha dəqiq yazsaq, 509 min dram məvacib alır.

Komissiya rəhbərlərinə ayda 610 min dram (1170 dollar) verilir. Bundan başqa, İrəvandan kənarda yaşayan deputatlara parlament iclaslarında iştirak üçün paytaxta gəlməyə görə əlavə mənzil kirayəsi ödənilir.

0
295
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar