Gecə saxlanılan jurnalistlər Baş Polis İdarəsinə çağırılıblar

"Rəis müavini dedi ki, protokollar haqsız yerə yazılıbsa, ləğv olunacaq" Mayın 14-də gecə saatlarında saxlanılan jurnalistlər - Nurlan Qəhrəmanlı (Libre) və Elməddin Şamilzadə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Bu barədə "Turan"a jurnalist Elməddin Şamilzadə məlumat verib. Mayın 15-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılan jurnalistləri rəis müavini Vüqar Ələkbərov qəbul edib. "Rəis müavini Vüqar Ələkbərov bizi qəbul etdi və profilaktik söhbət apardı. Hətta jurnalistlərlə bağlı bəzi iradlar da səsləndirdi. Biz də polisdə gördüyümüz nöqsanlar barədə ona danışdıq. Bizə bildirdi ki, məsələ araşdırılacaq, protokollar haqsız yerə yazılıbsa, ləğv olunacaq", - jurnalist Elməddin Şamilzadə belə deyib. Hadisəni işıqlandıran reportyor Nurlan Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, Vüqar Ələkbərova da döyüldüyü barədə məlumat verib: "Mən hadisəni işıqlandıran zaman fəaliyyətimə görə təzyiqə məruz qalmışdım. Bu gün Elməddin Şamilzadə ilə birgə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdım. Bizi rəis müavini qəbul etdi və dedi ki, məsələ araşdırılacaq. Əgər hansı bir təzyiq və zorakılıq halı olubsa, həmin əməkdaşlar cəzalandırılacaq". Mayın 14-də gecə saatlarında jurnalist Elməddin Şamilzadə maska taxmamaq səbəbilə şəhərdə saxlanılaraq 26-cı polis bölməsinə aparılıb. Bu barədə Meydan TV-yə jurnalist Əminə Məmmədova və Xanım Mustafayeva məlumat verib. Onların sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 211.3 maddəsi ilə protokol tərtib edilib və Elməddin Şamilzadəyə 200 manat məbləğində cərimə yazılıb. Elməddin Şamilzadə isə bu qərarı əsassız sayıb və qanunsuz cərimələndiyini deyib. Nurlan Qəhrəmanlı isə hadisəni işıqlandıran zaman saxlanılıb və ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat cərimə yazılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bildirib ki, Nurlan Qəhrəmanlının təzyiqə məruz qalması ilə bağlı iddialar tam əsassız və yalandır.

0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar