Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib. Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib. "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir məsələ olduğunu söyləyənlər bu ölkənin düşmənləridir, buna imkan verməməliyik”, - deyə nazir bildirib. Dmanisidə baş verənlərə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava da münasibət bildirib. O deyib ki, Dmanisidəki mübahisə etnik qarşıdurma kimi təqdim olunmamalıdır. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bölgədəki qarşıdurmalarla bağlı saxlanılanların olduğunu qeyd edib. O, həmçinin istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib. Rəsminin sözlərinə görə, hazırda vəziyyət sakitləşib və tərəflərlə müvafiq işlər aparılır. Yerli azərbaycanlıların bildirdiyinə görə, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər. Sosial şəbəkələrdə qarşıdurmanı əks etdirən video kadrlar yayılıb.

0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar