İbtidai siniflərdə şagirdlərin tərbiyəsində müəllim şəxsiyyətinin rolu

 

Təhsil qlobal dünyanın ən unikal vasitələrindən biri kimi cəmiyyətin inkişafında həlledici rol oynayır. Onun bu günündən başlayaraq yaxın və uzaq zamanlara qədərki həyat yolunu əlaqələndirir. Nailiyyətləri ilə vətəndaş şəxsiyyətinin perspektivli inkişaf yolunu işıqlandırır. Ümummilli lider Heydər Əliyev demişdir: " Təhsil sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsil vətəndaş, yüksək səviyyəli mütəxəssis yetişdirmək üçün mövcuddur”.
Təhsili həyata keçirən, cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər formalaşdırmaq müəllimin üzərinə düşən ən məsul bir vəzifədir. Təlimin müvəffəqiyyətlə qurulması, tərbiyəedici təşkili, müəllim şəxsiyyətindən, onun bilik və qabiliyyətindən, pedaqoji ustalığından asılıdır. Tərbiyəedici təlim prosesində müəllim şəxsiyyətinin rolu haqqında Azərbaycan pedaqoqlarının bir çox dəyərli fikirləri var. Lakin müəllim, metodist və pedaqoqlarımız öz metodiki məqalələrində yuxarı siniflərdə tərbiyəedici təlim haqqında dəyərli fikirlər söyləmiş, nədənsə ibtidai sinif müəllimlərinin rolu haqqında məsələlərə çox az toxunmuşdular. Ölkəmizdə keçirilən təhsil islahatlarında fənn kurikulumları hazırlanarkən ibtidai siniflərdə hər bir fənn üzrə məzmun standartları hazırlanmış, müəllim bacarıqları geniş şəkildə şərh olunmuşdur. Ibtidai siniflərlə yuxarı siniflərdə sinif-dərs quruluşu, metod və tələblər eyni olmadığı kimi dərsin tərbiyəedici məqsədində, şagird-müəllim münasibətlərində müəyyən qədər fərqli cəhətlər vardır.
Ibtidai siniflərdən başlayaraq şagirdlərə biliklər verməklə yanaşı onlarda müəyyən keyfiyyət və dəyərlərin formalaşmasına, təlimin tərbiyəedici xarakterinə xüsusi diqqət göstərmək lazımdır. Dərsin tərbiyəvi əhəmiyyətini təmin edən mənəvi zənginliyə, əxlaqi saflığa, fiziki kamilliyə malik olan insanlar yetişdirmək hər bir müəllimin qarşısına aktual bir məsələ kimi qarşıya qoyulur. Bu keyfiyyətləri şagirdlərdə formalaşdırmağın ən səmərəli yolu müəllimin şəxsi nümunəsidir.Bunun üçün ibtidai sinif müəlliminin şəxsiyyətini səciyyələndirən ən mühüm keyfiyyətlər onun mənəvi zənginliyi, şəxsi nüfuzu, xüsusi hörmətə malik olmasıdır. Bu keyfiyyətlər təlim prosesində şagirdlərə əxlaqi sifətlərin aşılanması üçün vacib olan vasitələrdir. Bununla yanaşı dərin bilikliliyi, mehriban qayğıkeş münasibətliliyi, hər şeyi bilən, bacaran əvəzsiz qabiliyyətliliyi ilə həmişə insanlar arasında seçilən və öz şagirdinin xəyalında əbədi yaşayan müəllim, həmişə ən nüfuzlu şəxsiyyət sayılmışdır. Y.A.Komenskinin dediyi kimi "Müəllimlər insanlar arasında ən seçilmiş şəxslər olmaqla, ən yaxşı əxlaqları etibarilə təqlidə layiqdirsə, bu şagirdlərin həqiqi əxlaqi həyatını yüksəltmək üçün ən yaxşı vasitə olacaqdır”.
Dərsə verilən müasir tələblərdən biri də öyrədiləcək materialın ideya-siyasi istiqamətini düzgün müəyyənləşdirmək və tərbiyəvi cəhətini aşkar edib şagirdlərə aşılamaqdır. Buna görə də tərbiyəedici təlimin əsas tələbini-şagirdləri gələcək cəmiyyətin hərtərəfli inkişaf etmiş şəxsiyyətləri kimi yetişdirmək üçün müəllimin elmi-nəzəri biliyə, metodiki hazırlığa, pedaqoji ustalığa, hərtərəfli biliyə, mənəvi zənginliyə bir sözlə onun yüksək şəxsiyyət kimi formalaşması çox vacibdir. Kiçik yaşlı uşaqlar müəllimlə daha yaxından ünsiyyətdə olduqları üçün onlar arasında əlaqə, yaxınlıq yuxarı siniflərdə oxuyan şagirdlərin fənn müəllimləri ilə olan əlaqəsindən daha çoxdur. Bu yaxınlıq ondan irəli gəlir ki, əgər yuxarı sinif şagirdləri ilə bir neçə müəllim məşğul olursa I-IV sinif şagirdləri ilə bir və ya iki müəllim məşğul olur. Elə buna görə də çox vaxt ibtidai sinif şagirdləri uzun müddət məktəbdə öz müəllimlərindən başqa heç bir müəllimi tanımaq istəmir. 4 il müddətində onlar arasında əlaqə və yaxınlığın dərinləşməsi tədricən müəllim şəxsiyyətinin sinif şagirdləri üçün əsas təsir obyektinə çevrilməsinə, nəticədə isə müəllim şəxsiyyətinin şagirdləri həyatına böyük təsirinə səbəb olur. Ailə şəraitindən, mehriban ata-ana qayğısından ayrılıb, ona tam aydınlığı ilə məlum omayan tərzdə bir həyata , məktəbə qədəm qoyan hər bir məktəbli yeni insana-müəllim sözü ilə ifadə olunan bir şəxsiyyətlə qarşılayır. Müəllim haqqında indiyə qədər aldığı məlumatların dogru-dürüstlüyünü yoxlamaq, müəllimi " kəşf” etmək, yaxından tanımaq, ona uyuşmaq, yaxınlaşmaq bu dövrdə şagirdin qarşısıalınmaz daxili ehtiyac hissləridir. Uşaqların müəllimə olan bu adi, sadə görünən, lakin sonrakı təlim üçün böyük əhəmiyyətə malik olan əlaqəni, münasibəti, unutmaq, əhəmiyyət verməmək tədricən müəllimin əsas şəxsiyyət kimi gözdən düşməsinə gətirib çıxarar. Çünki məhz bu dövrdə -məktəb, müəllim, şagird anlayışları hələ dumanlı olduğu zamanda müəllimin ucadan, acıqlı, kinayəli danışması və ya sanki ata-ana nəvazişindən heç bir fərqi olmayan bir münasibətdə olması hər iki halda uşağın varlığını təlatümə gətirir. Elə bu dövrdən başlayaraq müəllim şəxsiyyətini müəllim nüfuzunun nəzərə çarpan tərəflərini mehriban, bilikli, təvözökar, qayğıkeş və ya laqeyd, səhlənkar, savadsız, kimi tərəfləri görünməyə başlayır. Şagirdin məktəbdən soyumasının, təlim işinə marağının azalmasının müəlimin əvvəlcədən uşaq haqqında məlumat toplamaması və uşagın fərdi xüsusiyyətlərinə bələd olmamasıdır. Yenicə ata-ana qayğısından ayrılmış uşağa həlim, mehriban, şirin ifadələrlə müraciət etmək, onun məktəbə bağlılığını artırar. Əks təqdirdə uşaq məktəbə gəlməkdən imtina edər. Uşaqlar məktəbə qələm qoyduqları zamandan başlayaraq davranışında, rəftarında müəllimə oxşamaq, onun kimi olmaq, meylləri güclü olur. Nümunə müəllimin şəxsi keyfiyyətlərinin güzgüsüdür ki, onun danışından tutmuş ən adi hərəkətlərinədək məktəbdə, ailədə, ictimai yerlərdə özünü aparması, danışıq tərzi, gördüyü işləri, insanlarla əlaqəsi, biliyi, dünyagörüşü, bacarığı, qabiliyyəti vəs. şəxsi keyfiyyətləri bu güzgüdə daha aydın əks olunur.
Y.A.Komenskinin dediyi kimi "Müəllim üçün ən yaxşı qayğı şagirdləri öz yaxşı nümunəsi ilə qüvvətli sürətdə cəlb etməkdən ibarətdir... şagirdlərin öz müəllimləri nümunəsində tərbiyə olunmasından daha təbii şey yoxdur”.
Şahbazova Qızıltac Dosent, əməkdar müəllim, p.f.dok Naxçıvan Müəllimlər İnstutu

0
358
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar