İngiltərədə müəllimlərin üçdə biri peşəsini tərk etmək istəyir

Müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib
Böyük Britaniyada müəllimlərin üçdə biri peşələrini tərk etmək istəyir. Bu barədə Milli Təhsil İşçiləri Həmkarlar İttifaqının (NEU) keçirdiyi sorğunun nəticələrinə əsasən "The Guardian" qəzeti məlumat verib. Aparılmış sorğunun nəticələrinə əsasən, britaniyalı məktəb müəllimlərinin 35% -i peşəsini tərk etməyi planlaşdırır.
Qəzetin məlumatına əsasən, bu qərara onları artan iş həcmi və koronavirusla bağlı davam edən məhdudiyyətlər fonunda peşəyə hörmətin azalması məcbur edib. Sorğuya əsasən, müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib.
Respondentlərin 95% -i maddi-rifah hallarının pisləşdiyini ifadə edib. Müəllimlərin 35% -i 5 ildən sonra təhsil sahəsində qəti şəkildə işləməyəcəklərini, 66% -i isə müəllim statusunun aşağı düşdüyünə əminliklərini bildiriblər. Sonuncular həm də hökuməti müəllimlərin fikrinə qulaq asmaqdan imtinada ittiham ediblər.
Sorğuda iştirak edənlər işdən getmələrinin səbəbi kimi bunları göstərib: hökumət və ya media tərəfindən peşəyə hörmətin olmaması (53%), iş yükünün artması (51%), məsuliyyət (34), əməkhaqlarının azlığı (24). Rəyi soruşulanların 55 faizi pandemiyadan əvvəlki dövrlə müqayisədə həyat şəraitlərinin pisləşdiyini qeyd ediblər.
NEU sorğunun nəticələrinə təəccüblənmədiyini bildirib, çünki hökumət müəllimlərin işini lazımınca qiymətləndirmək üçün çox az səy göstərir. İngiltərə Təhsil Nazirliyi sorğunun nəticələrinə reaksiya verərək müəllimlərin vəziyyətindən narahat olduğunu bəyan edib. "Biz müəllimlərin yükü və onların rifahı ilə bağlı geniş fəaliyyətlər həyata keçiririk və müəllimlərə dəstək olmaq üçün psixi sağlamlıq sahəsində xeyriyyə təşkilatlarına milyonlarla investisiya qoyuruq", - deyə nazirliyin mətbuat xidməti bildirib. Qeyd olunur ki, nazirlik müəllimlərə dəstək proqramlarının inkişafını davam etdirir.
Sorğu İngiltərə, Uels və Şimali İrlandiya məktəblərində müəllimlər, məktəb rəhbərləri və xidmət heyəti arasında aparılıb. Sorğuda Həmkarlar İttifaqının 10 min üzvü iştirak edib.
Xatırladaq ki, müəllimlərin həmkarlar ittifaqları əvvəllər Böyük Britaniya hökumətinin məktəblərin açılması planlarından narazılıqlarını bildirib.
Müəllimlər, həmçinin polislərlə yanaşı, ilk növbədə vaksinasiyadan keçməli olduqlarını düşünürlər, çünki daim koronavirusa yoluxmaq riskinə məruz qalırlar. Onlar hökumətin vaksinasiya məsələsində daha yaşlı vətəndaşlara prioritet vermək qərarından da razı deyillər.
Oruc MUSTAFAYEV

0
326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar