İrandan Qarabağa “yardım” daşınması xəbərlərinə Azərbaycanın reaksiyası nə olacaq...

Sosial şəbəkələrdə İranın Ermənistan vasitəsilə Qarabağa “yardım”lar çatdırmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Bu yüklərin Ermənistandan keçərək Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilir. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz olaraq daşınır.

“Bu cür məlumatlarda biz diqqətli olmalıyıq. Əvvəla bilməliyik ki, bu məlumat haradan və kimlər tərəfindən yayılıb. Bəlkə Ermənistan tərəfi qəsdən dezinformasiya yayır ki, İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirsin. Çünki belə görüntülər yayılanda istər-istəməz münasibətlər gərginləşir. Ona görə də, bu görüntülərdən sonra gərək İranın Xarici İşlər Nazirliyi, Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirsin”.

Bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Qarabağla bağlı informasiya kirliliyi var.

 

Elxan Şahinoğlu

“Bu günlərdə bir xəbər yayılmışdı ki, guya Ermənistan qüvvələri Xankəndini tərk edir. Bilmədik bu görüntülər nə demək idi, bu xəbər hansı məqsədlə yayıldı. Təbii ki, biz istəyirik ki, Azərbaycan qanunlarına tabe olmayanlar Xankəndini tərk etsin, amma bu süjet yayılanda bizdə bir rahatçılq yaranır ki, biz mübarizə aparmadan da bu məsələ öz-özlüyündə həll olunacaq. Ona görə də, bu cür məsələlərdə diqqətli olmalı, əvvəlcə bunun mənbəyini araşdırmalıyıq. Unutmayaq ki, biz hələ də Ermənistanla informasiya savaşındayıq. Onlar bəzən bizim informasiya məkanımıza dezinformasiyalar qataraq bəzi ölkələrlə münasibətlərimizi gərginləşdirməyə çalışırlar. Yalnış informasiya əsasında şərh verdikdə iki ölkə arasında münasibətlərdə gərginlik yaranır”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan daha çox maraqlıdır ki, Azərbaycan Rusiya və İranla münasibətlərimizi gərginləşdirsin. “Düzdür əməliyyatlar dövrü və ondan sonra da bizim İranın siyasəti ilə bağlı ciddi suallarımız yarandı. Bəli, Rusiyaya da ciddi suallarımız var. Ona görə də, Ermənistan bizim informasiya məkanımıza dezinformasiyalar da qata bilər. Bu üzdən Qarabağla bağlı xəbərlərdə daha diqqətli olmalı, ilkin mənbəni axtarmağa çalışmalıyıq. Əgər həqiqətən təsdiq olunarsa ki, Azərbaycanın xəbəri olmadan İrandan Qarabağa yüklər daşınır, bu barədə biz İranla ciddi danışmalı və bildirməliyik ki, əgər Dağlıq Qarabağa nəsə göndərmək istəyirsənsə, mütləq bizimlə məsləhətləşməlisən”.

Qeyd edək ki, həmin görüntülər “Azad İran” “Telegram” kanalında paylaşılıb.

Leyla Mirzə

0
338
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar