Koronavirus infeksiyasına yoluxmuş ana körpəyə süd verəndə, mütləq maska taxmalıdır

Bəzən hamilələr təngnəfəslik və öskürək zamanı yeni növ koronavirusa (COVID-19) yoluxduqlarından şübhələnirlər. Məsələ burasındadır ki, qarının aşağı hissəsi ilə ağciyərin üst hissəsində diafraqma yerləşir və hamiləlik böyüdükcə diafraqma ağciyərləri sıxır və buna görə hamilələrdə təngnəfəslik və öskürək hallarına tez-tez rast gəlinir. İndiki pandemiya şəraitində bəzən həmin əlamətləri yeni növ koronavirus infeksiyası ilə səhv salırlar. Hətta bəzən onlar COVID-ə yoluxduqları barədə panik ataka da düşürlər. Ona görə də həmin əlamətlərlə yanaşı temperaturun 38 dərəcəyə qalxması COVID barədə şübhələnməyə əsas verir. Xəstəlik kəskin hal alarsa, müalicə stasionar şəraitdə aparılmalıdır. Son vaxtlar bəzən hamilələr göbək ətrafına qandurulaşdırıcı iynələr vurdururlar, lakin bunu qətiyyən özbaşına və həkim məsləhəti olmadan etmək olmaz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-ginekoloq Vüsalə Əsgərova deyib.

Onun verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatında və dünya səhiyyəsində aparılan tədqiqatlar aşkar edib ki, infeksiyanın anadan dölə keçmək ehtimalı sıfıra bərabərdir: "COVID-19-a yoluxmuş anadan sağlam uşaq dünyaya gəlir, lakin belə halda doğuşdan sonra ana ilə uşağı bir-birindən ayırırlar. Hamilə qadınların virus əleyhinə dərman preparatı qəbul etməsi qəti qadağandır. Qrip əleyhinə olan və immunitet sisteminin artırılmasına kömək edən dərmanları isə yalnız həkim təyin etməlidir. Hamiləliyin birinci trimesrtrində ana hansısa virusa yoluxarsa və onu kəskin keçirərsə, özünün razılığı ilə uşağa göstərəcəyi toksik təsir nəzərə alınaraq hamiləlik ləğv edilir. Hamilə qadın üçüncü aydan sonra infeksiyaya yoluxarsa, virus əleyhinə preparatların qəbulu qadağan edilir. Hamiləlik müddətində peyvənd edilmək də məsləhət görülmür. Yalnız hamiləlik başa çatandan sonra peyvənd vurdurmaq olar".

Hamiləliyin xəstəlik deyil, fizioloji hal olduğunu söyləyən həkim-ginekoloq həmin mərhələdə mütləq ayda bir dəfə mütəxəssisə üz tutmaq lazım olduğunu deyib: "Koronavirus infeksiyasına yoluxmuş ana körpəyə süd verəndə, mütləq maska geyinməlidir. Əgər ana xəstəliyin ən kəskin dövründədirsə, bir müddət südü sağaraq körpəyə vermək lazımdır, çünki ana südündə olan vitamin və minerallar başqa heç bir qidada yoxdur".

Milli.Az

0
33
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar