Millət vəkili: "Biləsuvarın ən böyük problemi su qıtlığıdır"

"Biləsuvarın ən böyük problemi su qıtlığıdır. Həm suvarma, həm də içməli su təminatında ciddi problemlər mövcuddur. Açıq deyim, kəndlərimiz var ki, bu gün də kanalların texniki suyundan evində içmək üçün istifadə edir. O da kanala su gələndən- gələnə".

E-huquq.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərin görə, bu sahəyə hökumətimizin xüsusi diqqət ayırması, bölgəyə yeni içməli su mənbəsinin çəkilməsi vacibdir: "Habelə, rayonda Bolqarçay su anbarı, illərdir baxımsız, təmirsiz qalıb. Mən hörmətli Kənd təsərrüfatı nazirinin diqqətini cəlb etmək istəyirəm, Biləsuvar rayonunda əkilən sahələr hər il artır, hətta, örüş sahələri də əkilir, su mənbəyi dəyişmir, əksinə qlobal səbəblərdən azalmaqdadır. Bu mənada Bolqarçay su anbarının təmiri, yaxud, yeni sututarın yaradılması vacib vəzifədir. Nəzərə alaq ki, Biləsuvar pambıqçılıq rayonudur və normal su təminatı artıq məşğulluq probleminin də köklü həlli olacaq. Bu problem həll olunana qədər isə, cənab Baş nazir xahiş edirəm Biləsuvar rayonu üzrə sosial iş yerləri, habelə, özünüməşğulluq proqramı limitlərinin artırılması məsələsinə yardımçı olsanız".

Deputat qeyd edib ki, bundan başqa, kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyac var: "Xüsusən, kənd yollarının onsuz da maddi cəhətdən böhran yaşayan bələdiyyələrin balansında olması, özünü yolların vəziyyətində göstərməkdədir. Bu mənada hökumətin müdaxiləsi və dəstəyi vacibdir. Həmçinin, Biləsuvar rayon Mədəniyyət mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Musiqi məktəbi, eləcə də Yuxarı Cürəli, Ovçubərə, Ağayrı və Amankənd məktəblərinin binasının təmirə, Şəhər 6 saylı, Nərimankənd, Təzəkənd, Yuxarı-Ağalıkənd, Çaylı və Günəşlı məktəblərinin yenidən tikilməsinə zəruri ehtiyac vardır. Qaldırdığım məsələlərin yaxın illərdə həll ediləcəyinə də əminəm. Çünki gedişat, mövcud siyasi iradənin qayəsi bunu deməyə əsas verir".

0
644
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar