Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.

Telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Grand-Agro İnvitro” MMC-nin icraçı direktoru Taleh Zeynalov dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması deməkdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olan badam emalı zavodu məhz qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir.

Prezident İlham Əliyev: Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır. Bu meyvə sortları yerli sortlardır, yoxsa xarici sortlardır?

Taleh Zeynalov: Həm xarici sortlarımız, həm yerli sortlarımız var. Məqsədimiz də odur ki, yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırılmasına nail olaq.

Prezident İlham Əliyev: Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da xüsusi dada malikdir. Biz onu itirməməliyik.

x x x

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyən edilir.

“İnvitro” layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Müəssisədə 84 nəfər daimi işlə təmin olunub.

x x x

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdilər.

Qeyd edildi ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Mikayıl Cabbarov: 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik.

Anar Ağayev: İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.

Dövlətimizin başçısı İlham Əliyev zavodu işə saldı.

Bildirildi ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.

Onu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

Müəssisə əhalinin məşğulluq məsələsinin həllinə də töhfə verir. Burada 130 nəfər daimi işlə təmin olunub.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verildi.

Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr insanların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi və əsaslı şəkildə yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bunun əyani təsdiqidir.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verildi ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var. Tibb ocağında 80 çarpayılıq doğum, 30 çarpayılıq ginekologiya və 10 çarpayılıq reanimasiya şöbələri fəaliyyət göstərir. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək. Əvvəllər Səhiyyə Nazirliyinin nəzdində olan 2 nömrəli doğum evi 2021-ci ildən “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyindədir.

Azərbaycanda yeni tikilən səhiyyə ocaqları, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar bir məqsədə - əhalinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Bu prosesdə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Bütövlükdə əhalinin, xüsusən də ana və uşaqların sağlamlığının qorunması Fondun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondumuzun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəlib. Bu doğum evinin əsaslı şəkildə yenidən qurulması da ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha bir əyani təsdiqidir.

Böyük ölçüdə şəkillər

İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirdi.

Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

Antoni Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə etdi.

Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olundu.

Sonra dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirdi və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi.

Telefon danışığı zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Siz Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, bu etimadı öz işinizlə doğruldacaqsınız.

İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır.

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.

Təbii ki, bu infrastruktur layihələri iş yerlərinin yaradılmasına da xidmət göstərmişdir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir.

Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Əlbəttə, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi.

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar.

Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.

Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.

Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim. Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki, gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır.

Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir.

Eyni zamanda, hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır.

Azərbaycan ərazi baxımından o qədər də böyük ölkə deyil. Bizim üçün hər qarış torpaq qiymətlidir, dəyərlidir və torpaqdan insanlar istifadə etməlidirlər. Fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Biz ölkəmizin ekoloji sistemini qorumalıyıq və sizə də tövsiyələrimin biri bundan ibarətdir. Görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya ziyan dəyməsin. Xüsusilə həm Göygöl, həm Lerik, həm də Masallı çox zəngin təbiəti olan rayonlardır. Ona görə ekoloji tarazlıq, ekoloji normalar qorunmalıdır. Bunu mütləq nəzərə alın.

Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.

Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında. Bax, siz də öz fəaliyyətinizdə bu məsələlərə ciddi fikir verməlisiniz və nəzarət etməlisiniz.

Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik.

Bir daha demək istəyirəm, sizə böyük etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir.

Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.

Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz.

X X X

Rayonların yeni təyin olunan icra hakimiyyətlərinin başçıları onlara göstərilən böyük etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər, bu etimadı doğrultmaq üçün tam məsuliyyətlə çalışacaqlarını və dövlətimizin başçısının tapşırıqlarından irəli gələn məsələləri, üzərilərinə düşən vəzifələri layiqincə icra etmək üçün səylə fəaliyyət göstərəcəklərini bildirdilər.

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Dövlət başçıları məmnunluq hissi ilə qeyd ediblər ki, Azərbaycan Prezidentinin səfəri zamanı əldə olunmuş bütün razılıqlar icra edilir. Vurğulanıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib. Qeyd olunub ki, avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan, Özbəkistan, Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək.

Söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib.

Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı əməkdaşlığımızın gələcək inkişaf perspektivləri və dövlət başçıları arasında təmaslarla bağlı fikir mübadiləsi aparılıb.

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub.

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilir.

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilir.

Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşıladı.

Sonra rəsmi foto çəkdirildi.

Böyük ölçüdə şəkillər

İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN xidmət” Mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, hazırda Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.

Qeyd edildi ki, 2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.

Məlumat verildi ki, Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.

Ülvi Mehdiyev Prezident İlham Əliyevə 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzində yaradılan ASAN müraciət, Rəqəmsal dövrdə dövlət xidmətləri və Mərkəzləşdirilmiş kart tədarükü sistemləri barədə məlumat verdi.

Bildirildi ki, ASAN müraciət sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemidir.

Qeyd olundu ki, Mərkəzdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və xidmətlərin göstərilməsində reaktiv və proaktiv modellərə keçidin təmin edilməsi məqsədi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən G2C, G2B və G2G formatında bir çox layihələr həyata keçirilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən formalaşdırılan layihələrin ümumi sayı 25-dən çoxdur.

Həmçinin diqqətə çatdırıldı ki, müasir dövrdə plastik kartların yayılması və müxtəlif sahələrdə istifadəsinin genişlənməsi onların tədarükünə olan marağı daha da artırıb. Plastik kartların operativ şəkildə hazırlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə ölkəmizdə Mərkəzləşdirilmiş Kart Tədarükü prosesinin başladılması zərurəti yaranıb.

Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə Şəhidlər xiyabanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.

Qeyd edildi ki, Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi inşa edilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb, həmçinin inzibati bina inşa olunub.

Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub.

Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk Sənaye Parkıdır. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Sənaye Parkında ümumi investisiyaların həcmi 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 17-si artıq fəaliyyət göstərir. Bu gün istifadəyə veriləcək “Glassica” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatacaq.

Parkın rezidentləri tərəfindən ümumilikdə 5,86 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 2,15 milyard manatdan çox hissəsi (36,7 faiz) ixracın payına düşür.

Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən 2021-ci ilin birinci yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin müvafiq dövründə 52,14 faizdən çox – 1,2 milyard manatlıq məhsul istehsal olunub. İxrac isə ötən ilin birinci yarısı (267,5 milyon manat) ilə müqayisədə 1,9 dəfə artaraq bu ilin altı ayında 508 milyon manat təşkil edib.

Məlumat verildi ki, Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunur.

Əsas göstəricilərdən biri də odur ki, Sumqayıt Kimya Sənaye Parkında 6 mindən çox insan daimi işlə təmin edilib.

Prezident İlham Əliyev əvvəlcə “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin şüşə tara məhsullarının istehsalı müəssisəsi ilə tanış oldu.

Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi İbrahim Həsənov müəssisə barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci il yanvarın 18-də dövlətimizin başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq. Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

x x x

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

“Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Samir İbadullayev layihə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edildi ki, hazırda ölkəmizdəki sənaye zonalarında avtomobil istehsalı sahəsində bir sıra müəssisələr mövcuddur. Belə ki, Hacıqabul Sənaye Məhəlləsində illik istehsal gücü 1500 ədəd “QAZ” və “İSUZU” markalı yük maşını və avtobus, 5000 ədəd “Chevrolet” markalı minik avtomobili olan müəssisə, Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 10 min ədəd “Khazar” və “Peugeot” markalı minik avtomobillərinin istehsalı zavodu fəaliyyət göstərir. Növbəti mərhələdə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İVECO Daily” yük avtomobillərin istehsalı layihəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və maşınlarının istehsalı üzrə İran-Azərbaycan birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Bildirildi ki, sənaye zonalarında avtomobillər üçün texniki xidmət mərkəzlərinin yaradılması üzrə işlər də aparılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında müxtəlif markalı nəqliyyat vasitələri və texnikalara texniki xidmət, həmçinin ehtiyat hissələrinin bərpası və istehsalı layihələrinin reallaşdırılması nəzərdə tutulur. Həmçinin sənaye zonalarında nəqliyyat vasitələrinin bir çox ehtiyat hissələrinin hazırlanması da həyata keçirilir ki, bu, yerli istehsalın genişlənməsinə əlavə imkanlar yaradır.

Prezident İlham Əliyev yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisəsinin təməlini qoydu.

x x x

Sonra dövlətimizin başçısı “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 2021-ci il yanvarın 18-də dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib. Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonunu daxili bazar, 10 min tonunu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan “Rustavi azot” müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstandan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır.

Qeyd edildi ki, ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.

Prezident İlham Əliyev: İşçilərin sayı nə qədərdir?

MMC-nin rəhbəri: 34 nəfər, hamısı Sumqayıt sakinləridir. Onlardan dörd nəfər Vətən müharibəsi iştirakçısıdır, bir nəfər qazimiz var. Hamısı işlə təmin olunub.

Prezident İlham Əliyev: Çox yaxşı.

Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə saldı.

x x x

Daha sonra “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsinin təməli qoyuldu.

Müəssisənin təsisçisi Fan Jian Shan Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.

Bildirildi ki, layihəyə əsasən Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində keramik plitələr istehsalı müəssisəsi inşa olunacaq. Müəssisədə Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr istehsal ediləcək. Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.

Məlumat verildi ki, 100 faiz Çin kapitallı layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. İllik istehsal gücü 18,5 milyon kvadratmetr keramik plitə olan müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.

Müəssisənin təsisçisi Fan Jian Shan dedi: Bizim şirkət 1992-ci ildə yaradılıb və hazırda Çində 5 zavodumuz və dünyanın 5 ölkəsində zavodlarımız fəaliyyət göstərir. Müəssisələrimizin ümumi investisiya dəyəri 300 milyon ABŞ dollarıdır. Zavodlarımızda çalışan işçilərin sayı 4 min nəfər təşkil edir. Zavodlarımızın illik ümumi istehsal gücü 80 milyon kvadratmetrdir və ümumi illik gəliri isə 400 milyon ABŞ dollarıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən gördüm ki, siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. Dediyiniz kimi bu onu göstərir ki, Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür - 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz.

Dövlətimizin başçısı müəssisənin təməlini qoydu.

x x x

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində cəmiyyət tərəfindən Sənaye Parkında müxtəlif xidmətlər təklif edəcək 7 mərtəbəli biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla və yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verdi.

Bildirildi ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirildi. Xüsusilə indi biz Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki işlər olmamışdır. Bu, birinci layihədir.

Abdullah Demirtaş: Üç xəritədə də erməni adları azərbaycancaya təmənnasız dəyişdirildi. Allahın izni ilə, bir həftə içərisində yenidən Qarabağa gedəcəyik, bu dəfə “Google” ilə “mübarizə aparmağa”. Çünki biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir...

Prezident İlham Əliyev: Bəli, küçələrin, kəndlərin, şəhərlərin adları.

Abdullah Demirtaş: Hamısını dəyişdirdik. “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Avtomobilinizə də bu yaxınlarda “Here”in yenilənmiş xəritəsi gəldiyi zaman, növbəti dəfə Qarabağa səfər edəndə, inşallah, Azərbaycan dilində adları görmüş olacaqsınız.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

x x x

Xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənayenin, xüsusilə qeyri-neft sənayesinin sürətli inkişafıdır. Dövlətimizin başçısının “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipinə əsaslanmaqla digər istiqamətlərlə yanaşı, qeyri-neft sənayesinin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodlarla sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli və nəticəyönümlü tədbirlər həyata keçirilir. Bu baxımdan, hazırki dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.

Qeyd edilməlidir ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

Ötən müddətdə sənaye zonalarında ümumilikdə 7,17 milyard manatlıqdan çox məhsul istehsal edilib və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 faizi) ixrac olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıtda olub.

Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Sonra Prezident İlham Əliyev Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Dərya Yanıkı qəbul edib.

Böyük ölçüdə şəkillər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Dövlətimizin başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd etdi.

Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışdı, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğuladı, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxundu.

Dövlətimizin başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirdi.

Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd etdi və uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.