"Rusiya əlini çəksə, Ermənistan dövlət kimi çökəcək" - Politoloq

“44 günlük Vətən Müharibəsində Azərbaycan hərbi cəhətdən Ermənistanı çökdürdü. Bunun nəticəsi olaraq, indi də Ermənistan siyasi cəhətdən çökür”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı iqtisadi cəhətdən çökdürüb. “Ermənistan bu işğalçılıq siyasətindən əl çəkmədiyinə görə Azərbaycan rəhbərliyi onu həm Cənub-Şərq dəmir yol magistrallarından, həm də Cənubi Qafqazda və Avropada olan iqtisadi layihələrdən kənarda qoydu. Bugün həmçinin Dağlıq Qarabağ klanı ilə Ermənistan klanı arasında çəkişmə var. Digər tərəfdən hərbi eşalon ilə Paşinyan arasında çəkişmə mövcuddur. Cənab Prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistanda dövlətçilik prinsipi yoxdur. Bugünkü gərginlik də onun göstəricisidir. Baxmayaraq ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal etmək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasından aid İrəvanı götürməklə Azərbaycanın torpaqlarından özlərinə bir torpaq yaratmaq istədilər, lakin hələ də Ermənistanın dövlətçilik prinsipi yoxdur. Rusiya əlini çəksə, Ermənistan dövlət kimi çökəcək. Armen Sarkisyan Paşinyanın iki dəfə müraciət etməsinə baxmayaraq, Baş Qərargah rəisini vəzifədən uzaqlaşdıra bilmədi. Ona görə də Paşinyan Konstitusiya məhkəməsinə müraciət etdi”.

Politoloqun fikrincə, sonuncu hadisələr göstərdi ki, Baş Qərargah rəisinin və onun ətrafında olan generalların, hətta Ermənistanın Daxili İşlər Nazirliyi rəhbərliyinin Paşinyanı hakimiyyətdən devirmək planları iflasa uğradı. “Çünki Beynəlxalq İctimaiyyətin, ABŞ-ın, həmçinin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun və Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəsmi bəyanatları oldu ki, Paşinyan hakimiyyətdən getsin. Bu beynəlxalq ictimaiyyət tərəfindən hərbi çevriliş kimi qiymətləndirilir və Ermənistana növbəti zərbədir. Digər tərəfdən Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr üçtərəfli bəyannaməsi vardır ki, burada moderator Rusiya tərəfidir. Rusiya çalışacaq ki, Ermənistanda hakimiyyət dəyişməsin. Sənəddə imzası olan Paşinyan hakimiyyətdə qalsın. Amma hakimiyyət dəyişsə də, imzalanmış bəyanata aidiyyatı olmayacaq”.

Y.Bağırzadənin fikrincə, Paşinyanın hakimiyyətdən getməsi hazırda real görünmür.

“Düzdür, hakimiyyət böhranı və çevriliş cəhdləri mövcuddur. Hətta Paşinyan müxalifət lideri ilə şərtlərlə danışıb ki, mən yeni parlament seçkilərinə ortada imzalanmış sənəd olduğu təqdirdə gedərəm və hakimiyyət boşluğu olmasın deyə parlament seçkilərinə kimi Baş nazir postunu öz arxamda saxlamalıyam. İndiki halda Paşinyanın hakimiyyətdən gedəcəyini demək olmaz. Çünki Paşinyanın tərəfdarları müxalif tərəfdarlardan daha çox özlərini göstərdi. Paşinyan faktiki olaraq, Ermənistanın diqqətini iqtisadi məsələlərə yönəltmək istəyir. Hətta Baş Qərargah rəisi Paşinyana müraciət etmişdi ki, "İsgəndər" raketi ilə Bakı-Tiblisi-Ceyhan kəmərini vuraq. Lakin Paşinyan buna icazə verməmişdi. Bu onu göstərir ki, o, Ermənistanı vəziyyətdən çıxarmaq üçün 10 noyabr 2020-ci il tarixli 2çtərəfli bəyanatı əsas tutur”, - deyə politoloq qeyd edib.

0
662
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar