“Saakaşvili mübarizəsini davam etdirəcək”

“O, tərəfdarlarını küçə mitinqləri və yürüşlərə çağırır”
 
“Burada yəqin ki, böyük həlledici rolu Qərbin Gürcüstan hökumətinə qarşı münasibəti, sanskiyalar və s. oynayacaq”
 
 
“Qərb onu ciddi şəkildə müdafiə etsə, yəqin ki, onu müəyyən şərt qarşılığında buraxa bilərlər”
 
“Bu, ölkəni tərk etmək, hansısa yolla Qərbin müxalifətin hakimiyyət qələbəsini tanıması şərti də ola bilər” 
 
 
Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili nə Gürcüstanın ədliyyə sistemini, nə də ona qarşı irəli sürülən ittihamları qəbul etdiyini deyib. M.Saakaşvili həbs olunduqdan sonra ilk dəfədir ki, məhkəmədə iştirak edib. Proses şəhər məhkəməsi binası yaxınlığında səs-küylü etiraz aksiyası fonunda baş verib. Prosesdə media nümayəndələrindən yalnız Gürcüstanın Birinci Kanalının jurnalistləri və operatorları iştirak edib. Televiziya şirkəti vaxtaşırı məhkəmədən xəbərlər tirajlayıblar. 
Hakimlər M.Saakaşvilinin səhhətini nəzərə alaraq, ona su içməyə icazə veriblər. Siyasətçi cavab verib ki, onlara təşəkkür edir və yaxşılığı dəyərləndirir.
 
Məhkəmə başlamazdan öncə zalda Gürcüstanın himninin səsləndirilməsi hakimlərin narazılığına səbəb olub.
M.Saakaşvili “Himnə qadağa? Mənim yaratdığım Gürcüstanın himni altında mən mübahisə etmək istəmirəm”, - deyə bildirib.
Vəkillər tələb ediblər ki, iclas telekanallar vasitəsilə canlı yayımlansın. 
 
Eyni zamanda onlar prosesi “Facebook”da canlı yayımlayıblar, ancaq hakim onlardan yayımı dayandırmağı xahiş edib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Həmin vaxtdan o, aclıq aksiyasına başlayıb. Bundan əvvəl Gürcüstanda M.Saakaşvili bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işləri ilə bağlı qiyabi mühakimə olunub.  Birinci məsələdə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-prezident noyabrın 7-si 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunub. Bu işlər üzrə məhkəmələr hələ davam edir.
Gürcüstan hakimiyyəti M.Saakaşvilini azadlığa buraxmaqdan imtina edir.
 
M.Saakaşvili Tbilisi Şəhər Məhkəməsindəki çıxışında gürcü xalqına müraciət edib. Sabiq dövlət başçısı gürcülərə vətənlərinə görə qürur hissi keçirib-keçirmədikləri, inkişaf sürəti üçün darıxıb-darıxmadıqları ilə bağlı sual ünvanlayıb. Bundan başqa M.Saakaşvili həbsdən öncə Gürcüstanda bir neçə nəfərlə ünsiyyətdə olub və insanların çox bədbəxt olduğunu gördüyünü qeyd edib. 
 
O, həmçinin bildirib ki, bu gün ölkədə baş verənlərə birgə son qoyulmalıdır.
Eks-prezidentin siyasi taleyini “Sherg.az”a şərh edən analitik Turab Rzayevin qənaətincə, Saakaşvili bundan sonra da mübarizəsini davam etdirəcək:
 
“Əlbəttə ki, eks-prezidentin  mübarizəsi artıq daha çətin olacaq. Çünki seçkilər bitib. Bunda sonra əhalinin siyasi aktivliyi, küçə yürüşlərindəki iştirakı bir az çətin görünür. Yəqin ki, Saakaşvili böyük ehtimal Qərbin, Avropa İttifaqının (Aİ) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyinə ümid edir. Əgər Gürcüstan hökuməti üzərində böyük bir təzyiq yaradıla bilsə, böyük ehtimalla Saakaşvilini həbsdən azad edəcəklər . Təzyiqlər dedikdə Gürcüstan hökuməti hər hansı maddi yardımlardan məhrum olacağı, müxtəlif sanskiyalarla qarşılaşacağı nəzərdə tutulur. Yox, əgər hakimiyyət görsə ki, Saakaşvilinin həbsdə olması problem yaratmır, onu mümkün qədər daha çox “içəridə” saxlayacaqlar. İstənilən halda Saakaşvilinin həbsdən çıxması ölkədə əmin-amanlığı poza, ictimai asayişdə dalğalanmaya səbəb ola bilər”. 
 
T.Rzayev həmçinin əlavə edib ki, hökumət təbii olaraq seçkini keçirib, hakimiyyəti “bərkitmək” istəyir: 
 
“Hökumət istəmir ki, ölkə daxilində yenidən küçə iğtişaşları, mitinqlər, böyük etiraz aksiyaları keçirilsin. Ona görə də hakimiyyət mümkün qədər Saakaşvilini uzun müddət həbsdə saxlamağa çalışır. Amma keçmiş prezident tərəfdarlarını küçə mitinqləri və yürüşlərə çağırır. Burada yəqin ki, böyük həlledici rolu Qərbin Gürcüstan hökumətinə qarşı münasibəti, sanskiyalar və s. oynayacaq. Qərb ciddi şəkildə Saakaşvilini müdafiə etsə, yəqin ki, onu müəyyən şərt qarşılığında buraxa bilərlər. Bu, ölkəni tərk etmək, hansısa yolla Qərbin müxalifətin hakimiyyət qələbəsini tanıması şərti də ola bilər”. 
0
9073
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar