Salam məktəb, əlvida kompüter: Dərsə getməyən uşaqlara biliyi valideyn verməlidir - ANCAQ NECƏ?

Pandemiya şəraitində koronavirusa yoluxanların sayının getdikcə mindən 300-400 nəfərə düşməsi təhsil sahəsində açılmalara səbəb oldu. Belə ki, mayın 17-dən etibarən əyani tədris qismən də olsa, bərpa olunub.

Belə ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib. Bu tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Əvvəlki aylarda valideynlər virusa görə övladlarını məktəbə göndərmək istəmirdilər. Həmçinin övladını məktəbə getməsinə icazə verib-verməmək valideynin öz ixtiyarına verilmişdi. Bu dəfə də sözügedən qayda qüvvədə qalırmı?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər valideyn övladını məktəbə bu və ya digər səbəbdən buraxmırsa, yəni distant təhsili seçərsə, bununla bağlı indi də yazılı müraciət edir:

“Valideyn bu öhdəliyi götürürsə, tədris proqramında olan dərslərin övladları tərəfindən mənimsənilməsinə nəzarət etməlidir. Bu, həm də valideynin məsuliyyətidir”.

Bəs həmin uşaqların tədris prosesi necə təşkil olunacaq və biliyi necə qiymətləndiriləcək?

Cebhe.info-nun bu sualına cavab olaraq təhsil eksperti Kamran Əsədov bildirib ki, pandemiya dövründə təhsilin təşkil olunmasında hər hansı dəyişiklik yoxdur:

“Yenə də əvvəllər olduğu kimi valideynlər övladlarının virusa yoluxmasından narahatdırlarsa, onlar məktəbə gəlib bəyənnamə yazırlar. Övladlarının ənənəvi təhsildə iştirakı məhdudlaşır. Amma şagirdə məktəb tərəfindən hər hansısa distant tədris təşkil edilmir. Şagirdlər yalnız teledərslər, yaxud valideynlərin öz imkanlarıyla tədris zamanı mənimsəməli olduğu mövzuları öyrənməlidir. Yəni hazırlıq kursuna və ya repetitor yanına qoyacağı artıq valideynlərin üzərinə düşür. Biliklərin verilməsində öhdəlik bu halda artıq valideynin üzərindədir”.

Ekspert vurğulayıb ki, ölkə ərazisində tədris bərpa edilib, dövlət maksimum imkanlarıyla bunu təmin etməyə çalışır:

“Əgər valideyn narahatdırsa, məktəbə gedib ərizə yazacaq və əvvəl olduğu kimi şagird dərs prosesində iştirak etməyəcək. Amma həmin şagirdlər ilin sonunda summativ qiymətləndirmədə iştirak edəcəklər. Yenə qeyd edim ki, bəziləri bunu qarışdırır, yaxud düzgün başa düşmür. Şagird dərs prosesində iştirak etməyə bilər, amma yekun qiymətləndirmədə - summativdə iştirak etmək üçün məktəbə gəlməyi mütləqdir. Məktəblilər summativ qiymətləndirmədə iştirak etməsələr, bu, onların biliklərini qiymətləndirməyə imkan verməyəcək. Yekun nəticədə şagird sinifdə qala bilər. Qanunvericiliyin tələbinə görə, ənənəvi qaydada tədris aparılması mümkün olmayanda, onlayn, distant təhsilə keçilir.

Amma hal-hazırda mövcud şərait və imkan var, tədrisin ənənəvi qaydada aparılmasına icazə verilir. Bakı şəhərində ibtidai siniflərdə həftədə üç, yuxarı siniflərdə isə iki dəfə şagirlər dərsə gələcək. Hansısa məktəbdə virusa yoluxma halları olarsa, həmin ərazilərdə tədris distant formada keçirilə bilər. Hazırda bütün ölkə ərazisində məktəblərdə tədris ənənəvi qaydada hibrid formada olsa belə, həyata keçirilir. Ona görə də dərslərdə iştirak etməyən şagirdlər üçün məktəb tərəfindən distant təhsil həyata keçirilmir. Validenylər bunu nəzərə alsınlar”.

Ülviyyə

Cebhe.info

0
280
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar