Sədr müavini - "Dəfələrlə rəsmi qaydada da bəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq."

"Distant təhsilə məqsəd kimi yox, hələ ki, vəziyyətdən ən optimal çıxış yolu vasitəsi kimi baxmalıyıq”.
Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
O, 17 maydan əyani tədrisin qismən bərpasına münasibət bildirib:
"”Məktəblərin fəaliyyətinin dayandırılmasına bir aydan da az müddət qalmış belə bir qərarın verilməsində məqsəd nədir?” ; ”Bir ay ərzində məktəblərdə dərslərin keçirilməsi şagirdlərə nə qazandıracaq?” ; "Risklər tam aradan qalxana qədər gözləmədən məktəblərin açılmasının bir mahiyyıti olacaqmı?” və s. bu kimi fikirlər səslənsə də, subyektiv mövqelər sərgilənsə də, qəbul etəməliyik ki, distant təhsilə məqsəd kimi yox, hələ ki, vəziyyətdən ən optimal çıxış yolu vasitəsi kimi baxmalıyıq.
Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.
Təhsilalma formalarından biri kimi onun xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, müəllimin yeni rolu, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Daha konkret desək, distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur”.
Sədr müavini distant təhsilin üstünlüklərindən söz açıb:
"Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Distant təhsilin bir üstünlüyü də ondadır ki, təhsilin bu forması öyrədən və öyrənənin eyni məkanda olma məcburiliyini ortadan qaldırir. Yəni məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər səbəblərdən ölkəni tərk etmədən xaricdə belə təhsil aımaq imkanına malik olurlar.
Göründüyü kimi ümumi orta təhsillə müqayisədə təhsilin bu forması ali təhsil üçün daha xarakterikdir və ümumi orta təhsilin də bu formaya keçməsinin aktuallığı əsasən məhz panemiyanın yaratdığı fəsadlarla bağlıdır. Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant təhsil dedikdə biz sistem olaraq distant təhsilə transformasiyadan danışmırıq, yəni məqsəd distant təhsilə keçid deyil. Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, yəni çıxış yoludur.
O ki, qaldı distant təhsilin yarada biləcək fəsadlarına, məktəblərdə tədrisin ilboyu qeyri-sabit davam etməsinin təhsilin keyfiyyətinə təsirini danmaq o qədər də obyektiv mövqe hesab oluna bilməz. İstər psixoloji, istərsə də keyfiyyət baxımından tədrisin gah əyani, gah hibrid, gah da tam distant keçirilməsinin təsiri var. Bu, şagirdlərin dərsi qavramasına təsir edir. Həmçinin şəhərin özündə belə distant təhsilə əlçatanlıq tam deyil. Amma bununla belə pandemiya dövründə daha məqbul sayıla biləcək başqa yol yoxdur. Artıq qeyd edildiyi kimi, distant təhsil məqsəd deyil, vasitədir, bir növ vəziyyətdən çıxış yoludur. Bu gün distant təhsil üçün bütün resurslar cəlb edilib, distant təhsilə əlçatanlıq üçün bütün mümkün olan mövcud imkanlardan istifadə olunur.
Artıq, xəbər verildiyi kimi Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək. Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Nazirin təbirincə desək, inandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər. Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”. Əyani tədrisin qismən bərpa edilməsi barədə qərarı mübahisələndirmək üçün elə də ciddi bir ciddi əsas görmürəm. Dəfələrlə rəsmi qaydada da dəyan edilib ki, yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq. Göründüyü kimi, distant təhsilə hələ ki, məqsəd kimi yox, vəziyyətdən ən optimal çıxış yolu vasitəsi kimi baxırıq. Ümid edək ki, yeni dərs ilinə sabitləşmə prosesində yeni əhval-ruhiyyə ilə başlayar”.

0
269
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar