Şəhidimiz təhqir olunur, təhqir edən linç edilir və cəmiyyət buna əl çalır...

Hər şeyə güc sayəsində nail olmaq altşüurumuza yerləşib. Bizim cəmiyyətdə təhqir olunan şəxs məhkəməyə müraciət etmək əvəzinə yumruğunu işə salır. Çünki onun şüurunda dövlətçilik təfəkkürü yoxdur. Şəxsiyyəti təhqir olunmuş insanlar dövlətin məhkəmələrinə müraciət etməyin lazımlılığını başa düşmürlər. Başa düşmürlər ki, dövlət onların bütün hüquqlarını, həyatını qoruyan bir qurumdur.
Amma başa düşülməməyin günahkarları hamımızıq. Məhkəmə sistemini rüşvətlə idarə edənlər, bu sistemə güvən yarada bilməyən hakimiyyət, susan ziyalı, biganə qalan xalq…

Məhkəməyə deyil, yumruğa müraciət edən vətəndaş üçün dövlət nə deməkdir?

Ona verilən imtiyazlar və onların yaratdığı hədsiz özünəgüvən hissi… Vətəndaşlara yaradılan qeyri-bərabər imkanlar cəmiyyətdəki balansı pozur. Balansı pozulmuş cəmiyyət isə yeni yaranan dövlət üçün yaxşı zəmin deyil.

 

Əslində inkişaf etmiş dövlətlərdə də şəxsi zəmində və sonu faciə ilə bitən mübahisələr olur. Lakin belə cəmiyyətlərdə total şəkildə şəxsiyyəti təhqir olunmuş insanlar məhkəməyə müraciət edirlər və hüquqları məhkəmədə qorunur.

Çünki malik olduqları sərvət və güc hakimiyyət tərəfindən onlara peşkəş edilməyib, onun üçün böyük əmək veriblər. Bu gücün də təhlükəsizliyini təmin edən qanunlardır. Bir cəmiyyətdəki insanlar əməklərinə görə yox, şanslarına görə dəyərləndirilirlər, cəmiyyət üzvləri qanuna deyil, sahib olduqları gücə güvənirlərsə, o cəmiyyətdə dövlətə qarşı heç bir sevgi olmayacaq, dövlətçilik təfəkkürü formalaşmayacaq.

Bu ölkədə hələ uzun müddət bayrağın nə olduğunu başa düşməyəcəklər, çünki hələ dövlətin nə olduğunu dərk etmirlər. Biz altşüurunda dövlətçilik təfəkkürü hələ oturuşmamış bir toplum, bir xalqıq.

Dövlət nədir, onun instansiyaları nəyə və necə xidmət edir? Xalqımız bunu hələ tam bilmir.

Ona görə də azərbaycanlılarda vətənpərvərlik hissi çox güclüdür, amma dövlətçilik hissi inkişaf etməyib. Məhz bu səbəbdəndir ki, bu vətən üçün ŞƏHİD olmuş insanın övladı dövlətin qanunlarına qarşı çıxır və ya əksinə vətəndaşı onun yaşaması üçün ŞƏHİD olmuş şəhidinə qarşı sayğısızlıq edənləri qəbilə qaydaları ilə cəzalandırır.

Biz deyəndə ki, postmüharibə dövrünə hazırlaşaq, bunun kimi məsələləri nəzərdə tuturduq. Şəhidi təhqir etmənin qanunla nəzərdə tutulmuş müddəaları olmalıdır.Şəhidimizə, qazimizə uzanan dillər hüquq müstəvisində “kəsilməlidir”. Biz qəbilə dövləti deyilik.

Dövlət və vətən anlayışları bəzən üst- üstə düşsə də, bunların arasında müəyyən fərq var. Vətəni sən seçmirsən. Amma yaşadığın dövləti seçə bilərsən, hətta qura bilərsən. Uzun illər vətənimiz vardı, dövlətimiz yox. Vətən təhlükədə olanda hər kəs ayağa qalxdı, onu qorumağa çalışdı, canından keçdi.

30 il bir dövlət üçün böyük yaş deyil, ancaq bu günə qədər yetişən nəsil artıq təfəkküründəki boşluqla formalaşıb. Lakin zaman dayanmır, yeni nəsil böyüyür.

Onun şüurunda mütləq DÖVLƏT anlayışının təməli atılmalıdır. O bilməlidir ki, dövlət vətəndən daha üstün anlayışdır. Bilməlidir ki, dövlətin əsas məqsədi insana xidmət etməkdir. Bilməlidir ki, dövlətin də, insanın da başının çox üstündə milli bayrağı dalğalanmalıdır.
Və bu bayrağın dalğalanması ŞƏHİDSİZ olmur…

Məhz bu səbəbdəndir ki, inkişaf etmiş dövlətlərdə dövlətə və onun BAYRAĞINA, ŞƏHİDİNƏ, QAZİSİNƏ sevgi böyükdür.
Hədəfimiz, amalımız Hüquqi Dövlət!

Anar Əsədli,

AY Partiyanın başqanı

0
285
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar