Şəhidləri lağ-lağı obyektinə çevirənlər: "Bilərəkdən özlərini hədəfə gətirirlər"

Şəhid Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş torpaqlarımızda oxuduğu “ Dastana döndüm” mahnısının sədaları böyükdən kiçiyə hamının qulağında, dilindədir. Səsinin yanqısı, çöhrəsindəki gülüş, üzündəki məsumiyyət hamımızın yaddaşına elə həkk olub ki, sanki onu əvvəldən tanıyırıqdıq.

Oxuduğu mahnı o qədər dillər əzbərinə çevrilmişdi ki, hətta məktəblərin birində müəllimlərin təşəbbüsü ilə tənəffüs və dərs zəngləri Xudayar Yusifzadənin ifasının səslənməsi ilə olurdu.

Təssüflər olsun ki, cəmiyyətin bu həssas nöqtəsini bilən və bunu özünə ucuz reklam yolu seçən şəxslər də oldu. Belə ki, bir müddət əvvəl Fuad Rəsulzadə adlı şəxs sosial şəbəkə hesabında “Xudayar çoxdandır təzə mahnı buraxmır” deyə ironik paylaşım edərək insanların qəzəbinə tuş gəlib. Dünən bir qrup şəxs yığışaraq həmin ironik paylaşımına görə Fuad Rəsulzadəni döyüb və bunu lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Daxili İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Xudayar Yusifzadə haqda ironik paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bəs şəhidlə bağlı bu cür lağ-lağı paylaşım edənlər qanun qarşısında cavab versəydi, məsələ bu həddə çatardımı? Bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalı idi?

“Bu, bir az həssas məsələdir. Cəmiyyətdə elə məsələlər olur ki, bir çox hallarda bunu qanunla tənzimləmək mümkün olmur”.

Bu fikirləri Ağ Partiyanın sədri Tural Abbaslı Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, qanunda təhqir qadağandır, amma dolasıyla təhqir, ələ salma, lağ-lağı etmək kimi məsələlərin sübut olunması çətindir.

 

Tural Abbaslı

“Qanun heç kimə deyə bilməz ki, sən bu cür danışma, fikirlər bildirmə və ya ironiya etmə. Bundan öncə bir xanım da milli qəhrəmanımız barədə müxtəlif fikirlər bildirmişdi. Onunla bağlı qanuni addımlar atıldı, amma görünən o oldu ki, bu addımlar əksinə, bu kimi fəaliyyətləri daha da stimullaşdırdı. Onlar üçün daha ucuz reklam rolu oynadı. Bəlkə də bilərəkdən özlərini hədəfə gətirərək ucuz reklam edirlər. Ona görə də bəzi məsələlər ictimai qınaqla həll olunmalıdır. Qanunun əlinin çata bilmədiyi yerdə cəmiyyətin ictimai qınağı bu məsələləri tənzimləməlidir. Şərt deyil ki, hər dəfə ictimai qınaq döymək formasında özünü biruzə versin. İctimai qınağın da formaları var. Məsələn, həmin adama salam verməmək, ünsiyyəti kəsmək olardı. Bu hadisə ictimai qınağın radikal formasıdır. Bu cür hərəkətlər qanunla da qadağandır. Amma cəmiyyətin həssas nüansları var və bunu da nəzərə almaq lazımdır. Çalışmaq lazımdır ki, ictimai qınağın bu formasının üzərinə cəlb etməyək. Hər kəs anlamalıdır ki, belə addım atılan zaman cəzadan qurtula bilməz. Cəmiyyətdə elə məsələlər var ki, onlar toxunulmaz, bir mənada müqəddəs olmalıdır. Bu məsələlərdən istifadə, ironiya, lağ-lağı etmək olmamalıdır. Bunlardan da biri şəhidlər, qazilər və onların ailələridir. Bu məsələlər cəmiyyətin qırmızı xətləridir. Hər kəs bunu nəzərə almalıdır”.

Leyla Mirzə

0
377
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar