"Sosial şəbəkələr yüzlərlə ailələrin sonu olur"

“Sosial şəbəkələr barədə danışarkən və onların ölkəmizdəki istifadəsi haqqında fikir bildirərkən ilk ağlagələn söz bərbaddır. Bunun isə bir sıra səbəbləri var. Çünki sosial şəbəkələr adından da göründüyü kimi normal sosiumun bir-biri ilə məsafədən göstərdiyi ünsiyyət vasitəsidir və orada ictimai, sosial, siyasi, mədəni polemikalar aparılır, həmçinin müxtəlif problemlər ətrafında müəyyən düşüncələr paylaşılır və s. Əsində belə olmalıdır, bəs biz nələri müşahidə etməkdəyik?” Bu fikirləri SİA-ya açıqlamasında jurnalist və sosial ekspert Rövşən Rəsulov sözügedən mövzu ilə bağlı münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, təəssüf ki, bu gün istifadədə olan onlarla sosial şəbəkə vasitələrinə qoşulan insanlar hətta yaş kateqoriyasına belə əhəmiyyət vermədən bu məkanları mənəvi dəyərlərdən kənar oyunbazlıq meydanına çeviriblər: “Kim-kimə gəldi, tanımadan-bilmədən yanlış məqsədli tanışlıq mesajları yollayır, hətta bu kimi məsələlərdə yüzlərlə ailələr dağılır, hətta cinayət hadisələri baş verir. Görün nə qədər ağır bir vəziyyət yaranır. Məhz bu baxımdan təəssüflə qeyd etmək istərdim ki, ölkəmizdə hələ də sosial şəbəkələrdəki ünsiyyət sisteminin köklü tənzimlənməsi istiqamətində müvafiq tədbirlər aparılmayıb. Aparılsa da, onların heç birinin müsbət nəticələri görünməməkdədir. Düzdür, söyüş, təhqir, narkotik maddələrin təbliği kimi məsələlərlə bağlı hüquq-mühafizə orqanlarımız ölçü götürürlər və sosial şəbəkələrdə sözügedən əməllər dərhal aşkara çıxarılır, amma bunu köklü tənzimləmə kimi də göstərə bilmərik. Hətta hesab edirəm ki, qanunverici orqanımızda, Milli Məclisdə daha qətiyyətli, daha səmərəli və məqsədyönlü qanun layihəsi hazırlanmalı, sərt tədbirlərin qanuniləşdirilməsi üçün çevik addım atılmalıdır. Əks halda, qarşıdan gələn təhlükələr daha ağır, çıxılmaz nəticələrə qədər inkişaf edə bilər. Bu isə əlbəttə ki, arzuolunmazdır”.

Rövşən Rəsulov bununla yanaşı, xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə çoxsaylı xəbərdarlıqlara baxmayaraq bir çox insanlar hərbi dislokasiyaları səhifələrində yerləşdirir, döyüşlərin aparıldığı mövqelərdən videogörüntülər, fotolar paylaşırdılar: “Belə addımlar ilk növdədə “Hərbi sirr haqqında” qanununu pozurdu. Əbəs deyil ki, məsuliyyətsizliklər ilk növbədə cəbhədə silahlı qüvvələrimizin təhlükəsizliklərinə ciddi təhlükələr yaradırdı. Lakin zamanında belə məsələlərin qarşısı alındı”.

“Daha bir məsələ isə sosial şəbəkələr vasitəsi ilə insanları itaətsizliyə çağırmaq kimi qanunsuz çağırışlardır”, deyən ekspert hesab edir ki, bu məsələdə əsas idarəçilik şəbəkəsi ölkəmiz əleyhinə fəaliyyət göstərən xarici dairələr tərəfindən qurulur: “Bu gün Azərbaycanda fəaliyyət göstərən radikal xarakterli müxalifət partiyaları və onların trol şəbəkələri var ki, onlar hər imkanda ölkəmiz əleyhinə fəaliyyət göstərən, hətta düşmən mövqeyində dayanan tərəflərlə dolayı iş birliklərinə gedirlər. Misal üçün, Avropa və Qərb ölkələrində mənzillənmiş bu çetelər zaman-zaman Azərbaycanda qələbə sonrası sabitliyi və uğurları kölgədə qoymaq üçün müxtəlif qrantlar müqabilində düşmən dəyirmanına su tökməklə məşğul olurlar. Bu məsələni isə elə-belə xatırlatmadım. Əslində xaricdə "YouTube", "Facebook", "İnstagram", "Telegram", "Tik-Tok", "Vkontakete" və s. kimi şəbəkələr vasitəsi ilə kirli məqsədlərini icra edənlər, həmçinin onların buradakı dəstəkçiləri barədə də artıq ciddi ölçülərin götürülməsi vacibliyi görünməkdədir. Heç bir trol şəbəkələrinə imkan vermək olmaz ki, onlar ölkəmiz, dövlətimiz əleyhinə başladılan kirli kapmaniyalarını həyata keçirə bilsinlər. Nəticə olaraq isə deyə bilərəm ki, istər bu, istərsə də yuxarıda sadaladığım məsələlər müvafiq dövlət qurumlarımız tərəfindən qısa zamanda nəzarə alınmalı, hüquqi çərçivədə mütləq qərarlar verilməlidir”.

Sosial jurnalist Elçin Bayramlı isə fikirlərini belə ifadə edib: “Sosial şəbəkələrin varlığı informasiya azadlığını son həddə çatdırıb. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir smartfon (dolayısı ilə foto ve videokamera, diktafon, internet, poçt qutusu və s) var və hadisə yerindən canlı yayım verirlər. Hər şeydən anında xəbər tutmaq, istənilən hadisəni, faktı bir neçə saniyəyə hər yerə yaymaq mümkündür. Sosial şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. Məsələn, ölkədə kimi axtarsan burda tapırsan, hansı sualın var yaz cavab verəcəklər. Hətta, sosial şəbəkələr və messencerlər çıxandan e-poçtlar əhəmiyyətini itirib- burda poçt funksiyası da var. Siyasi mübarizə də virtual məkana transformasiya olunub. Meydanlara çıxa bilməyən müxalifət burda fəal mübarizə aparır. Eyni zamanda dini təbliğat üçün geniş istifadə olunur. Sosial şəbəkələrdə müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılır. Bunların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müalicəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s. Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, naliyyətlərini, münasibətlərini cəmiyyətə çatdırmağa çalışanlar az deyil. Lakin bu məkandan özünüreklam, yaltaqlıq, zərərli təbliğat məqsədilə də gen-bol istifadə olunur”.

“Sosial şəbəkələrdə müxtəlif dövlətlərin və qlobal mərkəzlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. XXI əsrdə müharibə əvvəlcə ideoloji müstəvidə başlayır, sonra lazımi zəmin hazırlandığını görəndən sonra hərəkətə keçirlər. Sosial şəbəkələr vasitəsilə ölkələrin daxilində gec partlayan bombalar yerləşdirib, komanda siqnalı gözləyirlər. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir. Bütün hadisələrdə konkret xarici dövlətin maraq və mənafelərindən çıxış edirlər”.

Elçin Bayramlı sözlərinə belə davam edib: “Sosial şəbəkələrin psixoloji təsiri də böyükdür. Getdikcə daha çox insanlar real ünsiyyətdən ayrılıb, virtual ünsiyyətə keçirlər. Bu isə, boşanmaların, cinayətlərin artmasından tutmuş, yeniyetmə və gənclərin xarakter və davranışlarının, zövq və fikirlərinin dəyişməsinədək çox şeyə təsir edir. Sosial şəbəkələrdə bəzi qüvvələr tərəfindən aparılan təbliğatlar bir tərəfdən də milli-mənəvi dəyərlərimizi çökdürməyə hesablanıb. Yad mədəniyyətlərin, yad dəyərlərin qəbul edilməsi öz milli-mənəvi irsimizin məhv olmasına gətirib çıxarır. İnternetdən faydalı informasiyalar, müxtəlif elm sahələri üzrə bilik əldə etmək imkanları sonsuzdur, yeniyetmə və gənclərimiz internetin imkanlarından bu istiqamətdə yararlanmalıdır. Buna isə valideynlər ciddi nəzarət etməlidirlər”.

Ayşən Vəli

0
99
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar