Şuşa işğaldan azad olunanda ermənilər Qarabağ arzularının xülyaya çevrildiyini anladılar...

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Heydər ƏLİYEV

44 günlük Vətən müharibəsinin parlaq səhifələrinə 8 noyabr tarixi qızıl hərflərlə yazıldı. Ali Baş komandan İlham Əliyevin “Əziz Şuşa” deyə işğaldan azad edilən Şuşaya xitab etməsi Ümummilli lider Heydər Əliyevin 29 iyul 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin poeziya günlərindəki tarixi çıxışının 30 ildən sonrakı əks-sədası idi: "Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Ümummilli lider Heydər Əliyevin 1970-ci ildən başlayaraq cənnətə çevirdiyi Şuşanı yerli “ermənilərin” əli ilə haylar xarabalığa çevirməyi bacardılar. Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deməklə bu qədim şəhərin ölkəmiz üçün nə qədər önəmli olduğunu bir daha vurğulamışdı. Bunu ermənilər də yaxşı bilirdilər. Ona görə də Şuşa işğaldan azad olunan kimi onlar Qarabağ arzularının xülyaya çevrildiyini anladılar. Bundan sonra yeganə çıxış yolu kapitulyasiya aktına qol çəkmək idi...

Qələbəmizin məhz tarixi Şuşa şəhərinin alındığı günə salınması da Şuşanın xalqımız üçün böyük önəm daşıdığından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən öz çıxışında demişdir: “Mən Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.

Az sonra, yəni yanvar ayının 14-də isə İSESCO tərəfindən Şuşaya İslam dünyasının mədəniyyət paytaxtı statusu verilməsi təklifi səsləndirildi. Türk Şurasının baş katibi Bağdad Amreyev də Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans zamanı 2022-ci ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təklifi ilə çıxış etdi. Bu, sadə bir təklif deyildi. Bunun arxasında Türk Şurası ölkələrinin birləşərək işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərində fəal iştirakı durur... Türkistanın bu il Türk dünyasının mənəvi paytaxtı elan edilməsini və erməni işğalından azad olunan Şuşanın gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunacağını nəzərə alaraq, bu iki şəhərin qardaş şəhər kimi əl-ələ verərək qədim türk mədəniyyətini, mənəviyyatını Cıdır düzündə dünyaya bəyan etməsini də biz təklif edirik.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu da o deməkdir ki, yaxın vaxtlarda Şuşa şəhəri tarixi keçmişini qorumaqla müasirliyi özündə əks etdirərək nəinki Azərbaycanın, eləcə də bölgənin və Türk Dünyasının mədəniyyət paytaxtına çevirləcək.

Güllü Yoloğlu

Tarix elmləri doktoru, Dünya Türkologiya

Mərkəzinin rəhbəri

0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar