Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı

Zəfər gününə qədər və sonrakı tarixlərdə - rayonların azad edildiyi zamanlar təqvim qalibiyyət ruhu yaşadır. 30 ilin məğlubiyyət sindromu ilə yaşamış, formalaşmış və doğulmuş cəmiyyətin fərdləri başını dik tutur, xaricdə yaşayan soydaşlarımız başqa xalqların nümayəndələri arasında məğrurluğu ilə, xüsusi sayğı və hörmət edilməsi ilə seçilir. Çünki bu, bir qalib müharibənin, zəfərlə nəticələnən 44 günün nəticəsində mümkün oldu.

 

Çox çətindir – 30 ilin tarixinin 12 ayı, 365 günü məğlubiyyət zəncirləri ilə bir-birinə amansız formada bənd edilib. Xocalı, Qarakənd, Daşaltı və onlarla bu cür qara tonlu təqvim gündəlikləri. Hazırda təqvimlərin savaşları təşkil edilir, bir xalqın tarixi iki formalı hadisələrin mübarizəsi əsasında yazılır: qalibiyyət və məğlubiyyətin.

 

Biz, 26 sentyabr 2020-ci ildə məğlub vətəndaş kimi son günümüzü yaşamışdıq. Həmin gün başlayan 44 günlük həyəcanı, bütün Azərbaycan xalqının bir gözü gülüb, bir gözü şəhidlərinə görə ağlaması və 8 noyabrda Bakının küçələrini Zəfər günün münasibətilə yürüşə çıxan insanların hayqırtısı ilə davam etməsi ayrıca bir tədqiqat mövzusudur. Bu, sadəcə Şuşanın azadlığı günü deyildi, soyuq və qara səhifələrlə zənginləşdirilmiş noyabr ayının qalibiyyət ayına çevrilməsi, xalqımızın taleyində  pozitiv notlarla yadda qalması demək idi.

 

27 sentyabr 2020...

 

Qələbələrlə başlayan tarixin 10 noyabrı Ermənistanın kapituliyasiyası, 15 noyabrda Ağdamın, 25 noyabrda Kəlbəcərin, 1 dekabrda Laçının, 11 yanvarda Moskvadakı görüşün, yayda Şuşa bəyənnaməsinin, Zəfər yolunun başa çatmasının, Şuşanın qurulmasının, Füzuli aeroportunun tikilib başa çatmasının, Xudafərinin azad edilməsinin, Soçi bəyannaməsinin, Aşqabad sammitinin qələbə zənciri ilə günümüzün – 30 noyabr gecəsində də davam etdiyini göstərir bütün dünyaya.

 

Artıq uzun  illər boyu məktəblərdə işğal edilən rayonların tarixlərinin əzbərlənməsi az qala unudulur, çünki uzaq  90-lardakı hər ağır günlərin müasir dövrdə, cəmi bir yaşında olan qalibiyyət təqvimi var: və böyüyən nəsil qalibiyyət günlərinin yaddaşında böyüməkdədir, artıq otaqlarımızın divarlarını Zəfər təqvimləri bəzəməkdədir. Övladlarımız isə “Xudayar”, “Polad” olaraq dünyaya gəlməkdə və bir Poladın ardınca minlərlə dəmir kimi gələcəyimiz böyüməkdədir.

 

Vertolyota faciə mənbəyi kimi baxmaq – Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinə həsr edilmiş  “Görünməyən qəhrəmanlar: 27 sentyabr” filmində qoşunların nəzdində olan hava qüvvələrinin, helikopterlərin müharibədə göstərdiyi qəhrəmanlıqlar əks edilib, düşmənin hava cəbhəsinin darmadağın edilməsi, sıradan çıxarılması və hava hakimiyyətinin Azərbaycanının öhdəsinə keçməsini əks etdirir.

 

Helikopterlər – səmanın tanrıları tarix yazır, düşmənin kilid nöqtələrini sıradan çıxarır, yaralıları döyüş meydanından təxliyyə edir, komandanlığı döyüş arealına aparır, Ağdamın Mərzilisi ilə Xocavəndin Qarakəndi arasında qalibiyyət rəqsləri edir, tarixi 1991-ci ilin dumanlı, qara səhərindən işıqlı, qalibiyyət nurlu təqvimə daşıyır – bu, bir vertolyot uçuşu deyil, qalibiyyət təntənəsinin Azərbaycan səmalarındakı görünüşüdür.

 

Qarakəndin qaranlığında qeyb olan və məhv edilən helikopterin o gün üçün ölkədə cəmi üç-beş nəfər pilotu vardı, amma sonuncu pilot da şəhid edilsə də, vətən müharibəsində yüzlərlə gənc pilot şahin kimi səmalarda pərvazlanaraq düşmənə qan uddurdu. Onların tarixində belə qalibiyyətlər məğlubiyyətləri qat-qat üstələdi və qələbə təqvminin bir parçasına çevrildilər.

 

Ölsək də, qalibik!

 

Atatürkün son müharibəsi kəskin və sərt bir ifadə ilə yadda qalır: “Şəhid olun, amma təslim olmayın”. Bu gün 14 nəfər DSX şəxsi heyətinin üzvü həlak oldu, kədərimizi böyükdür, şəhidlərimiz üçün, onların itkiləri üçün millət olaraq çox üzgünük, amma bu həqiqəti bilmək lazımdır: Qalib gəlmək üçün 44 günlük müharibədə say-seçmə 3 min gəncimiz öz canlarını fəda etdilər, bu coğrafiyada, dünya siyasi güclərinin diqqət mərkəzində olan geopolitik arealda tarix və proses ayaqda durmaq üçün mütləq qalib gəlməyi tələb edir. Bu gün də elədir, 14 nəfər şəhidimiz üçün müharibədən sonrakı dövrdə - post-müharibə fenomeni üçün savaş başlayır. Çünki 14 nəfər və 3 min şəhid, eləcə də  birinci müharibə dövründə şəhid olan 20 min nəfər ona görə vətən uğrunda canlarından keçmədilər ki, təqvimi qapqara səhifələrlə boyayaq, ağlaşma, məğlubiyyət və yazıqlıq obrazları ilə yaşamağa davam edək, onlar ona görə şəhadətə qovuşdular ki, Yanvarda, fevral da, aprel də zəfər ayları olsun, noyabr heç bir vaxt yas ayı olmasın, qalibiyyət, böyüklük və qürur ayı olsun.

 

Çünki...

 

Noyabrı dəyişmək, onu ağlamaq, itki və məğlubiyyət ayına çevirmək olmaz.

 

Sabah qoyun, bu gün şəhid olanların döyüş yoldaşları, pilot qardaşları səmalarımızda Zəfər uçuşları həyata keçirsinlər, səmalarımızda üçrəngli bayraqlarımızı hər şeyə və hər kəsə inad dalğalandırsınlar. Çünki onlar qalib idi, hər hadisədə, müharibə günlərindəki kimi, son uçuşlarında da qalib  olacaqlarına əmin idilər. Bu da bizim olsun onların xatirəsini yüksək və sayğı ilə uca tutmağımız. Çünki o səma şahinsiz qalmayacaq və bir daha yüzlərlə “Əhmədxanovlar” doğulacaq, göz üzü onlardan görünməyəcək.

 

İnformasiya savaşır, informasiya ilə savaşır...

 

Bəli, ağır itkidir, çox üzücüdür və acıdır, amma ən acısı bu itkilər üzərindən xalqı Qarakəndə aparanların məqsədidir, çünki ortada qırılan faciə zəncirini müxtəlif komplo teoriləri ilə birləşdirənlər xarici xüsusi xidmət orqanlarının və “Biz müharibəni Azərbaycan içərisində aparacağıq” deyən Paşinyanla eyni nöqtədə dayananlardır.

 

Bir dekabr – sabah Laçının azad edildiyi gün olacaq, sabaha sinoptiklər fırtına, külək deyib və Bakının halı məlum, Allah eləməsin ki, bir balaca diqqətsizlik baş verə. Hər cür hadisə, faciə yaşana bilər, günün və zamanın heç bir sığortası yoxdur axı. Bəs, bu Laçının azadlıq gününə olan münasibəti dəyişməlidirmi?

 

Qətiyyən!

 

Millətimizin genetik qorxuları var: fikir verək, onlarla necə oynayırlar, onu necə həssas formada iynələyirlər. Unikal gen mühəndisləri var, bizim tarixi qələbələrimizi deyil, məğlubiyyətlərimizi əlləri ilə kartotekalaşdırırlar, uzaqbaşı sabaha “TikTok” şəbəkəsində dini musiqilərlə, müxtəlif təsvirlərlə ittihamlar, proqnozlar hazır  olacaq.

 

Qaydalar: Təqvim siyasətdir, siyasəti təqvimləşdirmək lazımdır, həm də yalnız qələbələrlə, çünki uğur təqvimi bir ölkə üçün nə qədər vacibdirsə, iş üçün qəbul edilən adi CV formalarında da hər kəs uğur hekayələrinə baxır.

 

“Terror xalq arasına qorxu-xaos salmaq cəhdidir.

 

"Qarakənd-1991" hərbi cinayətdir, "Xocalı" terrordur, bu gün baş verən isə qəzadır. Hər işin arxasında komplo-teori, mason gözü, kreml caynağı axtarmaq lazım deyil. Elə həmən təşkilatların əlinə oynamış olursunuz. Pul tökmədən, əyləm yapmadan propaqandaları gedir, xalq arasına istədikləri şübhəni yaşayır və yayırsınız.”

 

Əziz Əlibəyli

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri

0
4273
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar