Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi

Vergi ödəyicilərinin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada hansı malları ala bilməsi, malların hansı hallarda alış aktı ilə rəsmiləşdirilə bilməsi vergi münasibətlərinin aktual və mübahisəli məsələlərindəndir. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova şərh edirlər.

Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada alınan malların rəsmiləşdirilməsi ilə bağlı idi.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
2) əlvan və qara metal qırıntıları;
3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
5) xam dərinin tədarükü (alışı).

Bu bəndin məzmunundan da göründüyü kimi, vergi ödəyicisi olmayan fiziki şəxslərdən yuxarıda göstərilən mallardan başqa mal nağd qaydada satın alına bilməz. Bu şəkildə tənzimləmə məhz vergidən yayınma hallarının qarşısının alınması, sui-istifadə hallarına yol verilməməsi ilə bağlıdır. Əgər alış aktı ilə vergi ödəyicisi olmayan fiziki şəxsdən digər malları da almaq mümkün olsaydı, bu, hüquqdan sui-istifadə və vergidən yayınma hallarına gətirib çıxarardı.

Çünki şəxs faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu yolla formal olaraq özünü sahibkar kimi göstərməyə, nəticədə də zəruri vergiləri ödəməkdən yayına bilər. Məsələn, tutaq ki, “A” adlı şəxs vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdir və 7 müxtəlif şəxsə 20.000 manat məbləğində kompüter avadanlığı satmaq niyyətindədir. Kompüter avadanlığı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilən mallara aid olmadığı üçün həmin şəxs fərdi sahibkar və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmadan satış əməliyyatını icra edə bilməz. Əgər həmin bənddə göstərilən mallara aid olsa idi, onların satılmasından əldə olunmuş gəlirlərdən həmin şəxs yalnız 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi ödəyəcəkdi. Halbuki həmin şəxs fərdi sahibkar kimi dövlət qeydiyyatına alınsa, satdığı mallardan əldə olunmuş gəlirləri 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaqdı.

Digər tərəfdən, Vergi Məcəlləsinin 71-2.1-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları (hər iki tərəfin imzası olmalıdır) və malların alışı tarixindən beş gün müddətində elektron alış aktı tərtib edilir. Əgər malların alışı zamanı elektron alış aktının tərtibinə imkan varsa, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanır və bu halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

Elektron alış aktında elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi; elektron alış aktının növü (cari/düzəliş/ləğv); satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi; vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN); kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi; sıra nömrəsi; malın adı; malın ölçü vahidi; malın miqdarı; malın vahidinin qiyməti (manatla); malın məbləği (manatla); sair qeydlər; yekun məbləğ (rəqəm və yazı ilə); malın təqdim edildiyi ünvan göstərilməlidir. Elektron alış aktının forması ilə Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş 1 №li Əlavədən tanış ola bilərsiniz.

Qeyd etmək lazımdır ki, əgər vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilməyən heç bir mal alına bilməz. Əks təqdirdə, həmin əməliyyatın rəsmiləşdirilməsi, uçotunun aparılması ilə bağlı problemlər ortaya çıxacaq və vergi həmin əməliyyatı malları almış vergi ödəyicisi üçün xərc kimi tanımayacaq.

Buradan zahirən Vergi Məcəlləsi ilə “Nağdsız hesablaşmalar haqqında” Qanun arasında ziddiyyətin mövcud olması təsəvvürü yarana bilər. Əslində. iki qanunvericilik aktı arasında heç bir ziddiyyət yoxdur. Məcəllənin 71-2.1-ci bəndində qeyd olunur ki, vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən mal alınarsa, bu zaman müvafiq qaydada alış aktı tərtib olunmalıdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunu isə bu normaya daha geniş izah verir və onu dəqiqləşdirir, nağd qaydada alına biləcək malların konkret siyahısını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 101.6-cı bəndinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Fəxriyyə İKRAMQIZI

0
76
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar