Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb. Daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. “İcazə” blanklarına çıxış da asanlaşdırılıb.
Nazirlikdən bildirilib ki, ötən ilin ilk 6 ayında daşıyıcıların sayı 71 olub. Bu ilin müvafiq dövründə isə bu rəqəm 204-ə çatıb. Beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 2021-ci ilin ilk yarısında 2710 təşkil edib, bu ilin müvafiq dövründə isə 7208-ə yüksəlib. Hər iki göstərici üzrə 2,7 dəfə artım qeydə alınıb. Ümumilikdə 2022-ci ilin yanvar – iyun aylarında daşıyıcılara 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz daha çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22,4 faiz artması deməkdir.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 faiz artım qeydə alınıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7,7 faiz, Gürcüstan istiqamətində 10,2 faiz, Rusiya istiqamətində 5,4 faiz, İran istiqamətində isə 7,2 faiz artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3,2 faiz böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39,5 faiz idisə, 2022-ci ildə bu rəqəm 47 faiz təşkil edir.
Azərbaycan daşıyıcıları keçən ilin ilk altı ayında 8242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12 min 726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54,4 faiz artım deməkdir.
Beynəlxalq avtomobil daşımaları bazarının inkişafı üçün tədbirlər davam etdirilir. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli qərarı ilə beynəlxalq avtomobil daşımalarına buraxılış qaydaları təsdiqlənib. Bu qaydaların tətbiqi Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərəcək.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən, rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri
İndiyədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 60-ı artıq fəaliyyətə başlayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən çox daimi iş yeri yaradılıb.
Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. Belə ki, 2022-ci ilin I yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 33,1 faiz (543,9 milyon manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Məcəllənin 106.1.20-ci maddələrində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bəs mikro sahibkarlıq subyekti necə müəyyənləşdirilir?
“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.
Lakin könüllü surətdə ƏDV ödəyicisi olan bəzi sahibkarlıq subyektlərinin mühasibləri tərəfindən mikro sahibkarlıq subyekti üzrə illik gəlir anlayışı yanlış olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrində olduğu kimi mallların (işlərin, xidmətlərin) təqdim edilməsindən (ƏDV və aksiz çıxılmaqla) gəlir kimi başa düşülür. Nazirlər Kabinetinin Qərarının qeydlər hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, “İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir”.
Malın dəyərini onun alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin malın dəyərini artıran digər xərclər, o cümlədən mənfəət vergisi və ƏDV formalaşdırır.
Göründüyü kimi, Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında “gəlir” anlayışına, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri, habelə satışdankənar gəlirlər daxil edilir.
Bu baxımdan bəzi mühasiblər tərəfindən mikro sahibkarlıq subyektinə aid güzəştlərdən istifadə etmək üçün təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ƏDV-siz götürülməsi və Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən azadolmalardan və güzəştlərdən istifadə edilməsi gələcəkdə vergi məsuliyyətinin yaranması ilə nəticələnə bilər.
Dövlət Vergi Xidmətindən bildirilib ki, alınmış borclar hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda həmin borclar üzrə ödənilən faizlər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə tənzimlənir.
Vergi Məcəlləsinin 133.4-cü maddəsinə uyğun olaraq borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.
Vergi Məcəlləsinin 136.3-cü maddəsinə görə borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.
Əsas: Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri
"Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company OJSC - AIC) ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"İnvestisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir" - nazir əlavə edib.
2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları almışdır.
Cari ilin yanvar-iyun aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
Xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.
Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.
Bu ilin yanvar-iyun aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2495,9 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2404,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.
2022-ci ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 1066,9 manat təşkil edib.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatda bildirilir.
Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 milyon manat güzəştli kredit verilib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir əlavə edib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə Fonddan 190 min manat kredit əldə edib.
Cari ilin yanvar-iyun aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 62,3 faiz artaraq 438,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 279,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,8 faizini təşkil edib.
İcbari tibbi sığorta tarifləri 28 oktyabr 1999-cu il tarixli “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir. İcbari tibbi sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
- işəgötürən tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
- işçi tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz.
Misal 1: Dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub)
İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:
900 x 2% = 18 manat.
900 manat - işçiyə hesablanmış aylıq əməkhaqqı;
2% - icbari tibbi sığorta tariflərinə cəlb olunan gəlirin faizi;
18 manat - hesablanmış əməkhaqqından tutulan icbari tibbi sığortanın məbləği.
Misal 2: Dövlət müəssisəsində 9.000 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsində ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və ikinci qrup əlildir (müvafiq təsdiqedici sənədlər təqdim olunub).
İşçi tərəfindən ödənəcək icbari tibbi sığorta haqqının məbləği belə hesablanır:
9.000 – 8.000 = 1.000 manat;
1.000 x 0,5% = 5 manat;
8.000 x 2% = 160 manat;
5 + 160 = 165 manat.
Burada işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2%, qalan hissəsindən isə 0,5% icbari tibbi sığorta haqqı hesablanır.
Göründüyü kimi, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının tutulması zamanı fiziki şəxslərin gəlir vergisində nəzərdə tutulan güzəştlər nəzərə alınmayıb. Təcrübədə daha tez-tez verilən suallardan biri işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmayan gəlirlərlə bağlıdır. Yaxşı olardı ki, bu gəlirlər “Sosial sığorta haqqında” qanunun 15-ci və Vergi Məcəlləsinin 102-ci maddəsində olduğu kimi, yuxarıda qeyd olunan qanunlarda da dəqiq qeyd olunsun. “İşsizlikdən sığorta haqqında”qanunun 9-cu maddəsinə əsasən, sığorta tarifləri işçiyə (sığortaolunana) münasibətdə “əməkhaqqı”na, işəgötürənə (sığortaedənə) münasibətdə “əmək haqqı fondu”na uyğun müəyyən olunur. Eləcə də “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinə əsasən, işçiyə (sığortaolunana) və işəgötürənə (sığortaedənə) münasibətdə “əməkhaqqı”na uyğun müəyyən olunur. Bunları nəzərə alaraq birmənalı deyə bilərik ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən, əməkhaqqı anlayışına daxil olmayan gəlirlər işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmamalıdır. Yeri gəlmişən, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsində işlədilən “əməkhaqqı fondu” ifadəsi təcrübədə müəyyən suallar yaradır. Gələcəkdə bu ifadənin daha dəqiq izahı, tərkibi qeyd edilsə, daha məqsədəuyğun olar.
Əsas: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Milli İxrac Strategiyasının layihəsini hökumətə təqdim edib.
Bu barədə AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.
“Sənəddə yeni ölkələr və ixrac istiqamətləri yer alıb. Kənd təsərrüfatı və sənaye məhsullarının ixracı, eləcə də xidmət ixracı strategiyada prioritet sahələrdəndir. İxracın coğrafiyasının genişləndirilməsi çox önəmlidir. Hədəfimiz qeyri-neft ixracının illik məbləğini 2026-cı ilədək 5 milyard ABŞ dollarına çatdırmaqdır”, - deyə Y.Abdullayev bildirib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı 1,7 milyard ABŞ dolları olub ki, bu da ötən ilin ilk yeddi ayı ilə müqayisədə 24,2 faiz çoxdur.
Y.Abdullayev əlavə edib ki, təkcə iyul ayında qeyri-neft ixracımızın ümumi məbləği 224,6 milyon dollara bərabər olub, bu da illik ifadədə 17,2 faizlik artım deməkdir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 9-da növbəti hərrac keçirilib. Hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
Nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3 500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6 035 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sXJT9
Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 16, 23, 30 avqust tarixində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılıb.
Cari ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, digər vəsaitlər 5 faiz, bank kreditləri isə 3,2 faiz təşkil edib.
Cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 720 min nəfər olub, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, muzdla işləyənlərin 7,6 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışıblar.
Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Cari ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM istehsalının 7,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi isə tikinti sahələrinin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.