Zəfər bizimdir Ulu Öndər!

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 10 May -, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.Mayın 10-u Azərbaycanın qurtuluş tarixini yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevin doğum günüdür.


1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ümummilli lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.
Onun müdrik siyasətini cənab Prezidentimiz İlham Əliyev davam etdirdi və bu siyasətin uğurlu nəticəsi olaraq Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr azad edilirdi. Dünyadakı müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən bariz nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala,haqsızlığa 44 gündə son qoyuldu. Biz birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstərdik və bu birliyimiz,qələbəmiz əbədi olacaqdır.

Eyni zamanda cənab Prezidentin uğurlu siyasəti nəticəsində türk dünyasının coğrafi birləşməsini təmin edən Zəngəzur dəhlizinin açılması bizim üçün milli hədəfdir.Cənab Prezident müsahibəsində də bəyan etdiyi kimi Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... İnşallah Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.. Hal-hazırda Ali Baş Komandanımız cənab İlham Əliyevin səyi nəticəsində “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin hər biri xüsusi diqqət və qayğı ilə təmin olunur. Eyni zamanda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu-“YAŞAT” Fondu yaradıldı.Həkimlərimiz də öz sıralarında yaralı hərbçilərimizə fədakarcasına qulluq edir. Biz də Azərbaycan vətəndaşı olaraq öz qayğı və dəstəyimizi heç bir zaman əsirgəməyəcəyik. Biz Ali Baş Komandanımız İlham Əliyevə arxalanır,güvənirik və ulu öndərimizin bizə miras qoyduğu Azərbaycanımız uğrunda hər zaman mübarizəyə hazırıq! Zəfərin mübarək olsun, Azərbaycanım!

Azərbaycan Dövlət Pedaqoji Kollecinin
tarix müəllimi Hüseynova Könül

0
259
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar