Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunanenerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tədbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Buradan aydın olur ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10% vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.
Vergidən azad olmaq üçün aşağıdakılar olmalıdır:
1. Dividendi ödəyən emitent;
2. Dividend adi qaydada yox, investisiya qiymətli kağızları üzrə ödənilməlidir.
Bəs emitent kimdir? İnvestisiya qiymətli kağızları nədir?
“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Deməli, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.
Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci madəsində isə göstərilib ki, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.
Göründüyü kimi, qiymətli kağızlar çoxdur, investisiya qiymətli kağızları isə iki növdür - istiqrazlar və səhmlər.
Səhmlər ancaq səhmdar cəmiyyətləri tərəfindən emissiya edilə bilər. Yəni səhmlər üzrə təşkilati hüquqi forma Mülki Məcəllə və digər normativ aktlara görə ancaq səhmdar səmiyyətlərində olur. İstiqrazları isə müvafiq qaydada istənilən təşkilati hüquqi formalı hüquqi şəxs buraxa bilər. Odur ki, Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsindəki əməliyyatlar təkcə səhmdar cəmiyyətlərinə aid deyildir.
Ancaq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış şəxs emitent sayılmır və adi halda 102.1.22.-ci maddə ona tətbiq edilmir.
Səhmdar cəmiyyəti emitent kimi Mərkəzi Bankda qeydiyyata alınandan və müvafiq qaydada milli depozit mərkəzində reyestrə düşəndən sonra ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsi tətbiq edilə bilər.
Misal: “AA” QSC qeydiyyata alınmış 100 səhmə malik hüquqi şəxsdir və iki səhmdarı vardır. Səhmdarların hərəsinin payı 50%-dir. QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata düşüb və depozit mərkəzindən çıxarış alıb. QSC 2020-ci ilin yekunlarına görə 100.000 manat, 2021-ci ilin yekunlarına görə 200.000 manat xalis mənfəət əldə edib.
Səhmdarlar 1 mart 2022-ci ildə qərara alıblar ki, 2020 və 2021-ci ilin xalis mənfəətindən 80.000 manat, 30 aprel 2022-ci ildə isə qərara alıblar ki, 120.000 manat dividend ödəsinlər. Bu zaman vergilər necə hesablanacaq?
QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata alındığına görə bu tarixə kimi ödənilən bütün dividendlərdən 10% vergi tutulacaq.
80.000x10% = 8.000 manat (vergi məbləği)
80.000-8.000 = 72.000 manat
72.000:2 = 36.000 manat.
Deməli, QSC 1 aprel 2022-ci ilə qədər hər səhmdara 36.000 manat dividend ödəyəcək.
30 aprel 2022-ci ildə ödənilən 120.000 manat dividenddən isə 10% vergi tutulmayacaq və hər bir səhmdara 60.000 manat dividend ödəniləcək:
120.000:2 = 60.000 manat.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.
Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.
"Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Basso ilə keçirdiyimiz görüşdə Azərbaycan-AYİB əlaqələri, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və əməkdaşlığımızın perspektivləri barədə danışdıq".
Bu haqda iqtisadiyyat naziri məlumat verib.
Apreldə Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2,3 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 181,5 milyon dollar təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib. Belə ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində 107.552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
4 aylıq göstəricinin 26.354-ü (24,5%-i) ilkin, 81.198-i (75,5%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ilkin qeydiyyat 13,7% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15.037-i fərdi yaşayış və bağ evi, 26.975-i mənzil, 61.841-i torpaq sahəsi, 1.147-i qeyri-yaşayış binası, 2.261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28.397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı-Statistika
Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14.197 olub.
Fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 2022-ci ilin yanvar-aprel ayları ərzində 4,2% artaraq 5.050 olub.
Cari ilin yanvar-aprel ayları ərzində texniki pasportun və ipoteka müqaviləsinin sayı
Cari ilin yanvar-aprel ayları ərzində 84.862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir. 2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22.101 olub.
Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərindəndir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, buna adekvat olaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması vergi islahatlarının da mühüm istiqamətlərindəndir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, biznes mühitinin sağlamlaşdırılması istiqamətində tədbirlər həm yerli, həm də xarici sahibkarlar üçün əlverişli imkanlar açır.
Ölkəmizdə biznesə başlamaq üçün, sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı müasir mexanizmlər yaradılıb. 2011-ci ildən fiziki, 2012-ci ildən isə hüquqi şəxslərin qeydiyyatı onlayn qaydada aparılır. 2019-cu ildən etibarən isə hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi bir prosedurla – “Mobil nömrə və FİN kod” vasitəsilə, 20 dəqiqə ərzində həyata keçirilir. Elektron qeydiyyat sisteminin təkmilləşməsi nəticəsində sadə qeydiyyat üsulundan istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub və elektron qeydiyyat genişlənib.
Bu ilin ilk rübündə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,1 faiz təşkil edib. Ölkəmizdə vergiödəyicilərinin sayında da davamlı artım qeydə alınır. Elektron qeydiyyatın sərfəli və rahat olması biznes sahəsində aktivlik yaradıb.
Vergi siyasətinin səmərəliliyinin artırılmasında vergi güzəştlərinin də böyük rolu var. Stimullaşdırıcı vergi güzəştlərinin bütün növləri iqtisadi və sosial səmərəliliyinin artırılmasına yardım edir. Biznesə başlayan sahibkarları maraqlandıran əsas məsələlərdən biri də elə budur: sahibkarlıq fəaliyyətinə dəstək verən vergi güzəştləri.
Son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artıb. Hazırda Vergi Məcəlləsində biznes nümayəndələri üçün 100-dən çox güzəşt və azadolma mövcuddur. Sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilib. Bu güzəştlər arasında, həmçinin kiçik orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikro sahibkarlığa 75 faizlik güzəştin verilməsi və sair məsələlər var. Mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub. Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azaddırlar. Həmin şirkətlərin istehsal və emal məqsədilə idxal etdikləri texnoloji avadanlıq və qurğular da 7 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad olunub. Vergi Məcəlləsinə son dəyişikliklərdə də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə bağlı məsələlər yer alıb. Belə ki, kitab, dərslik və kağızın idxal və satışı ilə məşğul olanlar, icarəçi sahibkarlar, gəlir və xərclərin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi, investorlar üçün vergi və maliyyə yükünün azaldılması, hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi bu tədbirlərin davamıdır.
Azərbaycanda biznes prosedurlarının sadələşdirilməsi, qeydiyyat sistemində innnovativ həllərin tətbiqi və həyata keçirilən vergi islahatları xarici biznes nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Avropa şirkətlərinin Azərbaycanda fəaliyyətini və rəylərini əks etdirən “Aİ Biznes Mühiti Hesabatı 2021” sənədində biznes mühitinin ümumi bərpasına dəlalət edən irəliləyişlər barədə nəticələr qeyd edilir. Bildirilir ki, vergi siyasəti üzrə göstəricilərin mülayim artımı davam edir və bu, investorlar tərəfindən “qənaətbəxş” hesab olunur.
Vergi sahəsində islahatların aparılması səyləri də Avropa şirkətlərindən müsbət rəylər almağa davam edir. Respondentlər vergi hesabatlarının verilməsinin vaxtını azaldan və kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən Elektron Vergi Sisteminin artan effektivliyini bildirib. Müsahibələr zamanı avropalı investorlar elektron vergi xidmətlərinin kifayət qədər stabil və anlaşıqlı pltaforma kimi təsvir edirlər. Şirkət təmsilçiləri vergi orqanlarının elektron platformada texniki dəqiqləşdirmə və texniki məsələlərin həlli ilə bağlı fərdi müraciətlərə operativ reaksiyasından da razıdır. Ötən ilki nəticə ilə müqayisədə Avropa şirkətlərinin 80 faizi biznes əməliyyatları üçün Azərbaycanı seçməyə hazır olduğunu bəyan edib.
Son illərdə ölkəmizin biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin əksəriyyəti Azərbaycanda fəaliyyətlərinin artacağını və ya sabit qalacağını bildirirlər. Bu onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir.
Dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması üçün islahatlar həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən “Biznesə başlama, vergi və hesabatlılıq sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlanıb. Yeni strategiya Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.
Strategiya çərçivəsində vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi Qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsini həyata keçirmək, ekspert cəmiyyətindən təkliflər almaq və onları müzakirəyə çıxarmaq, bu işdə KİV-in və sosial şəbəkələrin imkanlarından istifadə etmək, müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsinə nail olmaq nəzərdə tutulur.
Beləliklə, vətəndaşlar və özəl sektor vergi siyasətinin formalaşmasında iştirak etmək imkanına malik olacaqlar. Deməli, qarşıdakı dövrdə sahibkarların biznes mühiti barədə təklifləri, bu sahədə mübahisəli məqamların aradan qaldırılması və nəticədə sahibkarların iqtisadiyyatda rolunun artırılması daha təkmil forma alacaq və bu, öz növbəsində biznes mühitinin daha cəlbedici olmasına və iqtisadi aktivliyinin artmasına öz töhfəsini verəcək.
Cari ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 101,7 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 117,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2022-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 100,6 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,4 faiz olub.
Azərbaycanın bank sistemi üzrə 2022-ci il aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib. Mərkəzi Bankın hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,2 faiz artıb.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 659 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 270 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41,1 faizini təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 5,9 faiz, POS-terminalların sayı isə 15,1 faiz artıb.
Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. “Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
V.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqları mərkəzinə çevirəcək. O, xatırladıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına maliyyə dəstəyi göstərir.
“Zəngəzur dəhlizi Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”, - V.Bayramov vurğulayıb.
Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Brayan Diz bildirib ki, Birləşmiş Ştatlar ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən Çindən gələn mallara tətbiq edilən gömrük rüsumlarının ləğvinin mümkünlüyünü nəzərdən keçirir.
“Bu, fəal şəkildə nəzərdən keçirdiyimiz məsələdir: ABŞ əhalisi, istehlakçılarımız üçün beynəlxalq ticarətdən necə yararlana biləcəyimizə dair daha geniş suala gətirib çıxarır”, - cənab B.Diz CNN telekanalına bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ilin iyun ayında Çinin “ədalətsiz ticarət metodlarından istifadə etdiyini” səbəb göstərərək 50 milyard dollar dəyərində Çin mallarına 25% rüsum tətbiq etmişdi. Bu ilin mart ayında ABŞ administrasiyası Çindən gətirilən 352 məhsulun 2022-ci ilin sonuna qədər gömrük rüsumlarından azad edilməsi ilə bağlı qərarı bərpa etmişdi.
Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada səfərdədir.
KOBİA-dan bildirilib ki, səfər çərçivəsində Brüsseldə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini xanım Luisa Santos arasında görüş keçirilib. Görüşdə KOBİA-nın sahibkarlığın inkişafı ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra layihələrin benefisiarı olduğu və layihələrin uğurla başa çatdığı qeyd olunub. Vurğulanıb ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb.
Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun “EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüşündə birgə layihələrin həyata keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun “yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı layihələrində iştirak imkanları, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
“SME United Crafts and SMEs in Europe” təşkilatının Baş katibi xanım Veronika Vilyams arasında keçirilmiş görüşdə isə təşkilat üzvlərinin ölkəmizə biznes missiyasının təşkili, KOB-ların iştirakı ilə birgə müəssisələrin yaradılması, qarşılıqlı ticarətin təşviqi və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.
Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;
- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;
- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;
- Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində;
- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;
- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları;
- Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;
- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Qeyd edək ki, kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşahidə olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətlərinin ucuzlaşmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla bu sahənin inkişafına təkan verəcəkdir. Eyni zamanda, çap məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaqdır.
Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilmişdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.
Cari ilin aprel ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 19,7 min nəfər və ya 0,42 faiz artıb. Dpvlət Sosial Müdafiə Fondunun mətbuat xudmətindən AZƏRTAC-a bildirilub ki 2022-ci ilin 1 may tarixinə uçota alınmış sığortaolunanların sayı 4,67 milyon nəfər təşkil edib.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 5.1-1-ci maddəsinə əsasən, bələdiyyələrə qanunla müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədilə dövlət reyestrindən məlumatların verilməsi ayrıca qaydalarla müəyyən edilir. Buna müvafiq olaraq Nazirlər Kabineti "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə Qərara düzəliş edib.
Əvvəlki qaydalara əsasən, bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında dövlət reyestrindən aşağıdakı məlumatlar verilirdi:
- fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış fiziki şəxslər;
- onların binanın sahəsindəki payları;
- mülkiyyətdə olan tikililərin və ya onların hissələrinin ölçüləri və ünvanı;
- onların mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri, ünvanı və kateqoriyası.
Yeni düzəlişə əsasən, reyestrdən fiziki şəxsin
- Vergi Məcəlləsi üzrə xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri ilə əlaqədar əmlak vergisinin hesablanması; eləcə də
- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları;
- sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar;
- yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqları üzrə torpaq vergisinin hesablanması ilə əlaqədar məlumatlar verilə bilər.
Bu məlumatlar üçün xidmət haqqı tutulur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə keçirdiyi görüş barədə məlumat paylaşıb: "Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq".
Azərbaycan yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, dörd ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 694,5 milyon ABŞ dolları, Türkiyədən 687,4 milyon dollar, Çindən isə 620,5 milyon dollardır.
"Davosda Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri, investisiya sahəsində əməkdaşlıq və yeni layihələrin icrası ilə bağlı fikirlərimizi bölüşdük".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 15 milyard 863,9 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 4 milyard 40,5 milyon dolları idxalın, 11 milyard 823,3 milyon dolları isə ixracın payına düşüb.
Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
MəlumatıDövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər.